Akar "bir ordu" bəyanatı ilə 3 hədəfə mesaj verdi
Akar "bir ordu" bəyanatı ilə 3 hədəfə mesaj verdi
Türkiyəli nazir demək istəyir ki, beynəlxalq güclərin Ermənistandan Azərbaycana qarşı cəbhədə faydalanmaq cəhdləri mənasızdır
“44 günlük uğurlu əməliyyatdan sonra iki ölkənin ordusu demək olar ki, bütövləşib”. Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, Azərbaycan Türkiyənin qardaşıdır və bu mövzuda kimsənin tərəddüdü olmasın: “Biz həqiqətən də iki dövlət, bir millətik. Bu məsələdə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi.
Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi, oradakı qardaşlarımızın “yetər artıq” deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu”. Akar vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir: “İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib: “İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir”.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakı-Ankara münasibətlərindəki hərbi-strateji əməkdaşlığa dair mühüm bəyanat səsləndirib. Ekspertə görə, Akar “bir ordu” bəyanatı ilə 3 hədəfə mesaj verib: “Cənab Akar deyib ki, Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir. Türkiyə müdafiə nazirinin açıqlaması beynəlxalq siyasi sistemin dəyişdirilməsinə cəhdlərin Cənubi Qafqaz regionuna sıçramaması üçün verilən ultimativ reaksiyadır. Ümumilikdə Akarın xəbərdarlıq tonunda yumşaq güc nümayiş etdirməsi üç istiqamətə ünvanlanır. Birincisi, Rusiyanın Cənubi Qafqaz regionu üzrə siyasətinin hədəflərində Azərbaycana təhlükə yaradılmamalıdır. İkincisi, İranın Azərbaycana qarşı hərbi-siyasi ritorikası davam edərsə və cüzi də olsa təhdid elementləri yaranarsa, Tehran öz qarşısında Ankaranın potensialını görər. Üçüncüsü, beynəlxalq güclərin Ermənistandan Azərbaycana qarşı cəbhədə faydalanmaq cəhdləri mənasızdır. Azərbaycan 44 günlük müharibə ilə Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Türkiyənin regiondakı maraq dairəsini böyüdüb. Post-müharibə gerçəkliyi region üzərində mahiyyətcə yeni təzyiq yaratdığından Azərbaycanla Türkiyə vahid komandanlıq halında fəaliyyət göstərir. Azərbaycanın silahlanma proqramının, ordusunun təkmilləşdirilməsində Türkiyənin mühüm rolu var. Azərbaycanla Türkiyə ordularının şəxsi heyətlərini, yəni silahlı qüvvələrdəki insan kapitalını və təşkilati potensialını bir-birinə inteqrasiya edir. Bununla da Türkiyə modeli əsas tutularaq Azərbaycanda daha güclü hərbi komandanlıq yaradılır. “Azərbaycan Ordusunun yenilənməsi, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının kurasiyası ilə aparılır desək” yəqin ki, səhv etmiş olmarıq. Postmünaqişə dövründə Azərbaycan-Türkiyə ikilisinin hərbi sahədəki əməkdaşlığı qısa müddət ərzində üst səviyyəyə qalxa bilib və bu nöqtədən təhlükələrə qarşı hərbi-strateji cəhətlərlə müşahidə aparılır”.
A.Kərimov vurğulayıb ki, hərbi tandem təkcə bir-birinin müdafiə qabiliyyətini artırmağa deyil, həm də regional təhlükəsizlik və uzunmüddətli sülhə töhfə verən platformaya çevrilir: “Burada Gürcüstanın da təhlükəsizliyi çox vacib çağırış kimi Azərbaycanla Türkiyənin qarşısında dayanır. Çünki Tbilisinin regional və beynəlxalq layihələrdəki tranzit əhəmiyyəti var və bu, Bakı-Ankara ikilisinin strateji maraqlarına cavab verir. Türkiyənin hərb nazirinin bəyanatında düşünürük ki, Gürcüstanla bağlı məsələ də özünün pərdəarxası əksini tapır. Akarın bəyanatının Azərbaycanla bu və ya digər şəkildə bağlı olan hissəsinin təqdimatını etdikdən sonra, Bakının da Ankaraya strateji müttəfiqlik ruhuna uyğun olaraq verə biləcəyi yardımlardan danışaq. Hulusi Akarın “bir ordu” termini özündə həmin məzmunu ehtiva edir. Yəni Türkiyəyə qarşı hərəkətlilik güclənərsə və bu, genişmiqyaslı hərbi təhdid şəklini alarsa, Azərbaycan öz müttəfiqinə kömək edəcək”.