Ankara geri addım atmayacaq

F-16-ların verilməməsi halında ABŞ Türkiyə kimi güclü bir müttəfiqini qarşısına almış olacaq

  ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qanun layihəsi qəbul edilib. Nümayəndələr Palatası ölkənin təkmilləşdirilmiş F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Qanun layihəsi hər nə qədər ədalətsiz və əsassız olsa da, diqqətçəkən başlıca məqam qanun layihəsini yunan lobbisinə yaxınlığı ilə tanınan demokrat Kris Pappas və respublikaçı Frank Pallone tərəfindən təqdim olunmasıdır. Nümayəndələr Palatasında keçirilən səsvermədə 244 deputat iştirak edib və onlardan 179-u qanun layihəsinə səs verib. Pallone Pappas düzəlişi özündə iki məsələni ehtiva edir:

Birincisi, ABŞ prezidentindən Türkiyəyə yeni satılacaq qırıcıların milli maraqlara uyğun olduğunu təsdiq etməsini tələb edir. İkincisi, Türkiyə son 120 gündə Yunanıstan hava sahəsini pozmadığı barədə hesabat təqdim etməlidir. 

  Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, prinsip etibarilə, hər iki məsələ Amerikadan daha çox rəsmi Afinanın maraqlarına uyğun tərtib edilib. Ekspertin sözlərinə görə, Türkiyəyə satılacaq qırıcılar ABŞ-ın milli maraqlarına uyğundur. Çünki rəsmi Ankara NATO-nun aparıcı ölkəsidir: 

“Amerika da NATO ölkəsidir. Digər tərəfdən Vaşinqton və Ankara yaxın şərq və bir sıra regionlarda strateji baxımdan ortaq hərəkət edir. ABŞ-ın strateji müttəfiqi olan Türkiyənin F-16 döyüş təyyarələri alması Ağ Evin maraqlarına necə uyğun olmaya bilər? O ki qaldı Türkiyənin son 120 gündə Yunanıstan hava sahəsini pozmadığı barədə hesabat təqdim etməsinə, Ankaranın buna gedəcəyini düşünmürəm. Təcrübə göstərir ki, Türkiyəyə nəyisə diktə etmək mənasızdır. Rəsmi Ankara belə bir hesabatı vermək məcburiyyətində deyil. Digər tərəfdən peyk görüntülərindən bu informasiyanı rahatlıqla əldə etmək olar. Pallone Pappas düzəlişi yunan lobbisinin qələbəsi olsa da, bu qələbədə rəsmi Ankaranın da “payı” var. ABŞ-da ildən-ilə güclənən yunan lobbisi Konqresə qədər nüfuz etməyi bacarıb. Məlum qanun layihəsinin qəbul edilməsi də bunu təsdiqləyir. Türkiyə bu məsələdə addım atmağa gecikib. Yunan lobbisi ABŞ-da fəaliyyət göstərən ən köklü lobbilərdəndir. Rəsmi Ankara kimi təcrübəli bir ölkə bu nüansı gözdən qaçırmamalı idi. Türkiyə xarici siyasətində lobbi və diaspor fəaliyyətini gücləndirməsə, Türkiyə əleyhinə daha ağır qanun layihələri qəbul edilə bilər”.

  Analitikə görə, məhdudlaşdırıcı qanun layihəsinin qəbul edilməsinə baxmayaraq rəsmi Ankara geri addım atmayacaq: “Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Türkiyə bu məsələdə çox ciddidir. Təsadüfi deyil ki, F-16-ların verilməsi məsələsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürülən şərtlərdə də öz əksini tapmışdı. Digər tərəfdən, Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək”.