Ankaranın hədəfləri genişdir
Türkiyə Özbəkistanın təhlükəsizlik zəmanətini öz qanadı altında tutmaq istəyir
"Bu həm də Türk Dövlətləri Təşkilatının müştərək ortaq maraqlarından irəli gəlir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edib. Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2-ci iclasında iştirak ediblər. Şavkat Mirziyoyev Türkiyə ilə əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib. Dövlət strukturları, işgüzar və ictimai dairələr arasında, parlamentlərarası əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addım atıldığını söyləyib. Vurğulayıb ki, Özbəkistan bundan sonra da Türkiyə ilə çoxplanlı əməkdaşlığın inkişafında maraqlıdır. Ərdoğan da bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə qarşılıqlı etimad şəraitində durmadan inkişaf edir. Liderlər ticarət, iqtisadiyyat, energetika, sərmayə qoyuluşu, nəqliyyat, turizm, informasiya və bir çox sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının Türkiyədə keçirilməsi qərara alınıb. İki ölkə arasında genişləndirilmiş Hərbi Çərçivə sazişi də imzalanıb. Ərdoğan səfər çərçivəsində Türk-İslam tarixinin mühüm mərkəzlərindən olan Xivə və Ürgənc şəhərlərinə gedib. Türkiyə lideri bölgədə böyük maraqla qarşılanıb.
Politoloq Elxan Şahinoğludeyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə canlanma yaratmaq məqsədi daşıyır. Analitik bildirib ki, Türkiyənin Özbəkistana investisiya həcmi artıb. Pandemiyaya baxmayaraq, ötən il ticarət mübadiləsinin həcmi 3.38 milyard dollara çatıb: “Ərdoğan yeni hədəf qoyub, 2023-cü ildə ticarət mübadiləsinin illik həcmini 5 milyard dollara çatdırmaq lazımdır. Özbəkistana yatırım qoyan ölkələr içərisində Rusiya və Çin ilk sıralardadır. Türkiyə üçüncü sırada qərar tutub. Bu, Daşkənd üçün vacibdir. Türkiyənin Özbəkistanda 1500 müəssisəsi fəaliyyət göstərir. Özbəkistan Rusiya və Çinlə iqtisadi münasibətlərini genişləndirsə də, bu iki ölkənin bazarından asılı olmaq istəmir. Birincisi, Rusiya və Çinin Qərblə münasibətləri gərgindir. İkincisi, Rusiya və Çin qonşularına qarşı ara-sıra iqtisadi və siyasi təzyiq alətlərindən istifadə edirlər. Daşkənd neytral siyasət yürüdür, hərbi bloklara qoşulmur. Rusiya və Çinlə ancaq iqtisadi əməkdaşlıq platformalarında iştirak edir. Misal üçün, Daşkənd Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Özbəkistan rəsmiləri bir neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Eləcə də Çinin bölgədə hərbi gücünü artırması və uyğurlara qarşı zorakı siyasətini davam etdirməsi Daşkənddə narahatlıqla qarşılanır”.
Siyasi şərhçi bəyan edib ki, Türk Dövlətləri Təşkilatının növbəti sammitinin Daşkənddə keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün vacibdir: “Özbəkistanın keçmiş prezidenti İslam Kərimov türkdilli dövlətlərlə əməkdaşlığa maraq göstərmirdi. Onun Türkiyə ilə münasibətləri gərgin idi. Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini Türkiyəyə reallaşdırdı. Bundan başqa Şavkat Mirziyoyev ölkəsini türkdilli dövlətlər ailəsinə qaytardı. Bu baxımdan artıq Özbəkistan türkdilli dövlətlər arasında inteqrasiyanı xarici və təhlükəsizlik siyasətini əsas vektoru hesab edir. Bu inteqrasiya Özbəkistanı Rusiya və Çindən qoruyacaq əsas amillərdən biridir. Özbəkistanın Türkiyə və türk dünyası ilə əlaqələrini genişləndirməsi Azərbaycanın da siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur. Bakı və Ankara Özbəkistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyir. Bunun üçün Özbəkistan öz məhsullarını əvvəlcə Türkmənistana, oradan da dəniz yolu ilə Ələt limanına çatdırmalıdır. Bu, Özbəkistanın Türkiyə üzərindən Aralıq dənizinə çıxışını təmin edəcək”.
Siyasi şərhçi Aqşin Kərimov da bildirib ki, Türkiyə lideri Özbəkistanı Türkiyənin təhlükəsizlik zəmanətlərinin qanadının altında tutmaq istəyir. Ankaranın regional maraqları belə strateji baxışı zəruri edir. Bu həm də Türk Dövlətləri Təşkilatının müştərək ortaq maraqlarından irəli gəlir:
“Münasibətlərin dərinləşməsi və TDT çərçivəsində yeni mərhələyə adlaması Azərbaycanın da xarici siyasət konsepsiyasına uyğundur. Özbəkistan tranzit əlaqələrinin şaxələndirilməsi üçün Xəzəryanı dövlətlərlə münasibətləri önə çıxarır. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını özünün perspektivi üçün faydalı platforma kimi nəzərdən keçirir. Bu isə rəsmi Daşkəndin Bakı və Ankara ilə əməkdaşlığını keyfiyyətcə yeni sferaya keçməsini şərtləndirir. Türkiyə ilə Özbəkistan arasında imzalanan sənədlərin siyahısında hərbi-siyasi məzmun daşıyan Genişləndirilmiş Hərbi Çərçivə Saziş diqqət çəkir. Bu, ikitərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi üçün parametrləri müəyyənləşdirəcək. Özbəkistan prezidentinin “biz münasibətləri strateji ortaqlıq səviyyəsinə qaldırmaq üçün razılaşdıq” deməsinin kökü də əsasən hərbi əməkdaşlığın dərinləşməsini özündə ehtiva edir. Ankara Mərkəzi Asiyada təsir dairəsini artırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Türkiyənin regiona praqmatik və konstruktiv yanaşması ona öz mövqelərini gücləndirmək imkanı verir. Riskə gəlincə, Türkiyənin regionda artan siyasi və iqtisadi varlığını hərbi iştirakla əlaqələndirmək cəhdi rəqiblərin ciddi müqavimətinə gətirib çıxara bilər. Bu riskin doğulub boy atmaması üçün Türkiyə Mərkəzi Asiyada ardıcıl rola malik iki oyunçu - Rusiya və Çin arasında nazik bir sədd seçəcək”.