Qarabağda tikinti, quruculuq işlərində ciddi qüsurlar var – Ekspert

" Dövlət tərəfindən aylılan vəsaitin xərclənməsindən tutmuş, orda görülən işlərin keyfiyyətinə qədər hər şey ideal səviyyədə olmalıdır"

"İşlərin daha keyfiyyətli, daha yaxşı görülməsi üçün, orada fəaliyyət göstərən şirkətlər, müəssisələrinin işinə ictimai nəzarət gücləndirilməlidir"

İşğaldan azad olunmuş ərazilərdə tikilən və doğma torpaqlarına qayıdaraq mıəskunlaşanlar arasında mənzil şəraitindən gileylənənlər olur. Hər nə qədər bəzən bu şəxslərə qarşı “bəs deyirdiniz, ən böyük arzum doöma torpağıma qayıtmaqdır, indi təmirli mənzil, ev davası edrisiniz” kimi ittihamlar səslənsə də, bu, dövlət büdcəsi hesabına inşa edilmiş evlərin keyfiyətsizliyinin sorğulanmaması üçün əsas ola bilməz.

Bir halda ki dövlət vəsaiti hesabına nəhəng işlər görülür, infrastruktur layihələri icra olunur, hesabat da verilməlidir. Keyfiyyətsiz tikinti ilə bağlı növbəti xəbər Xocavənd rayonundan yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda ev sahibi otaqlarda divar kağızlarının qopub yerə düşdüyünü, divarların su çəkdiyini, döşəmənin qopduğunu, divarlara plintusların vurulmadğını, ümumən işin keyfiyyətsiz görüldüyünü, evlərarası yollara asfalt döşənmədiyini və sair nöqsanları göstərir. 

Bu arada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərtac-a müsahibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti və bərpa layihələri ilə bağlı bəzi ciddi nöqsanları açıqlayıb. O bildirib ki, bir sıra hallarda ayrılmış büdcə vəsaitlərindən qənaətli və səmərəli istifadə prinsiplərinə tam əməl olunmayıb. Sədrin sözlərinə görə, əslində kommersiya subyektləri tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti obyektləri, market və ticarət binalarının tikintisi dövlət büdcəsi hesabına həyata keçirilib. Bu isə sosial xarakter daşımayan xərclərin dövlət vəsaiti ilə qarşılanmasına səbəb olub. Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmanın təmin edilmədiyi də vurğulanıb.

Gülməmmədov əlavə edib ki, “Qarabağa qayıdış” proqramı çərçivəsində yaşayış məntəqələrinin planlaşdırılması zamanı təbii relyefin tam nəzərə alınmaması əlavə xərclər yaradıb. Şaquli planlaşdırmada tökmə torpaqdan istifadənin artması, həmçinin əsaslandırılmamış şəkildə torpaq kütləsinin çıxarılması və yenidən doldurulması büdcəyə əlavə yük gətirib.

Tədqiqatçı jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyası o qədər böyükdür ki, orada qüsurların olması qaçılmazdır. Bu, birmənalıdır: 

- İstər layihələndirmədə, istər münasib olmayan yerlərdə tikintilərin aparılmasında və tikintilər zamanı qüsurlara yol verilir. Sözsüz ki, bu məsələdə işin icraçıları birbaşa məsuliyyət daşıyır. Dövlət tərəfindən aylılan vəsaitin xərclənməsindən tutmuş, orda görülən işlərin keyfiyyətinə qədər hər şey ideal səviyyədə olmalıdır. Amma çox təəssüf ki, qüsurlar ortaya çxıır, bu faktlar var və danılmazdır. Məncə, işlərin daha keyfiyyətli, daha yaxşı görülməsi üçün, orada fəaliyyət göstərən şirkətlər, müəssisələrinin işinə ictimai nəzarət gücləndirilməlidir. Cənab Prezidentin həmişə dediyi söz var ki, vətəndaş nəzarəti olmalıdır. İşğaldan azad olunmuş ərazilərdə hələ ki vətəndaş nəzarəti, ictimai nəzarət yoxdur. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə istər qeyri-hökumət təşkilatlarının, istərsə də yerli medai orqanlarının fəaliyyətə başlaması ictimai nəzarətin güclənməsinə və işlərin daha keyfiyyətli görülməsi üçün səbəb olardı. Yəqin ki, bu, zaman-zaman formalaşacaq. Qüsurlu işlərə görə də kimlər cavabdehlik daşıyırsa, məsuliyyətə cəlb olunacaqlar.