Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədədir

"Bu gün 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Ekspert bildirib ki, Azərbaycan silahlı qüvvələrindən bəhs edərkən qeyd edilməsi zəruri və vacib olan ilk məqam Azərbaycan Xalq Cümhuriyyətidir: 

"1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb: 

"Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə  əlahiddə korpus yarandı. Bu qərar həm də Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bu qərarın ardınca isə ölkədə hərbi mükəlləfiyyət, orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Bu mənada Azərbaycan Silahlı Qüvvələri, üçrəngli bayrağımız kimi cümhuriyyətin bizə ən böyük mirası, qorunması vacib dəyərdir. Azərbaycan Silahlı Qüvvələrindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin bu sahədə misilsiz xidmətlərindən bəhs etməmək mümkün deyil. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra gördüyü ilk işlərdən biri ölkəmizdə hərbi kadrların hazırlanması prosesini yenidən başlatmaq oldu. Bu istiqamətdə ümummilli liderin təşəbbüsü ilə Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Məktəb" yaradıldı. Müqayisə üçün deyim ki, o zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Çünki belə bir qərar faktiki olaraq bir ölkəni, xalqı gələcəkdə öz müqəddəratını təyin etməyə hazırlamaq demək idi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, ümummilli liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını alıb. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib".

Analitik qeyd edib ki, 1991-ci ilin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi: 

"Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi. Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ilk iş olaraq ordu quruculuğuna diqqət ayırdı. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı".

T.Rzayev vurğulayıb ki, qısa müddətdə qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədədir: 

"Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. 
Prezident İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi mənasında məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. Şuşa döyüşü və Şuşanın alınması isə şübhəsiz Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olduğunu, imkansız görülən tapşırıqları belə yüksək peşəkarlıqla bacardığını sübut etdi".