Bank kartlarında böyük məbləğdə pul saxlamayın! - EKSPERT

Bankların təhlükəsizlik sistemləri hər zaman lazımi səviyyədə işləmir

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə bank kartları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar alış-verişdən kommunal ödənişlərə qədər bir çox əməliyyatı artıq nağdsız şəkildə həyata keçirirlər. Bununla yanaşı, bank kartlarından istifadənin geniş yayılması kiberdələduzluq və maliyyə fırıldaqçılığı hallarının da artmasına səbəb olub. Bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bank kartları ilə bağlı dələduzluq halları ciddi problemlərdən biri hesab olunur.

2026-cı ilin birinci rübündə ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının ümumi dəyərinin 1 milyon 350 min 492 manat olması da problemin miqyasını açıq şəkildə göstərir. Mövcud vəziyyət həm vətəndaşların diqqətli davranmasını, həm də bankların təhlükəsizlik sistemlərini daha da gücləndirməsini zəruri edir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sherg.az-a açıqlamasında bank kartları ilə bağlı fırıldaqçılığın hazırda bütün dünyada geniş yayıldığını deyib:

"İnsanlara nə qədər xəbərdarlıq edilsə də, əksəriyyət pullarını kartda saxlayır və ödənişlərini də kart vasitəsilə edir. Etiraf etmək lazımdır ki, fırıldaqçıların qurbanına çevrilən insanların əksər hallarda müəyyən məsuliyyəti öz üzərlərində olur. Kart məlumatlarını ya kiməsə özləri verirlər, ya telefonla soruşulduqda paylaşırlar, ya da tanınmayan saytlardan alış-veriş edərək məlumatlarını həmin platformalarda saxlayırlar. Əksər hallarda fırıldaqçılıq bu səbəblərdən uğurlu olur.

Bəzi hallarda banklar da məsuliyyətsizlik edir. Belə hallarla mən də rastlaşmışam. Bu isə onu göstərir ki, bankların təhlükəsizlik sistemləri hər zaman lazımi səviyyədə işləmir. Biz demirik ki, bunu bank işçiləri edir, çünki əlimizdə belə bir fakt yoxdur. Sadəcə olaraq, təhlükəsizlik sistemi kifayət qədər güclü olmadığı üçün müəyyən problemlər yaranır".

Ekspert bildirib ki, insanlar yaxşı olar ki, istifadə etdikləri və alış-veriş etdikləri kartlarda böyük məbləğdə pul saxlamasınlar:

"Məsələn, iki ayrı kartdan istifadə etmək olar: bir kartda əsas vəsaiti saxlamaq, digər kartdan isə gündəlik alış-veriş üçün istifadə etmək. Lazım olduqda mobil bankçılıq vasitəsilə əsas kartdan digər karta müəyyən məbləğ köçürüb istifadə etmək daha təhlükəsizdir.

Pul saxlanılan kartın məlumatlarının heç yerdə görünməməsi ən azı minimum təhlükəsizlik tədbirlərindən biridir".