"Biz Zəngəzur dəhlizi üçün 45 km yol təklif edirik"
Vüsal Qasımlı: "45 km əvəzinə 500 km-ə qədər yol yük daşınması üçün nə dərəcədə səmərəli ola bilər?"
Dünən Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Prezident İlham Əliyevin Zəfərə hədəflənən siyasət nəticəsində Azərbaycan möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Dövlət başçısı ikili standartlar yanaşmasını iflasa uğradıb və yeni geosiyasi reallıqlar yaradıb. T.Budaqov bildirib ki, Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Mərkəz tərəfindən Ermənistanın ərazi yüksəklik modeli qurulub və təqdim ediləcək: “Biz Zəngəzur dəhlizi üçün 45 km yol təklif edirik. Ermənistan nə təklif edir? Təklif etdikləri həmin yollar Göyçə gölünün ətrafından keçməlidir. 45 km əvəzinə 500 km-ə qədər yol yük daşınması üçün nə dərəcədə səmərəli ola bilər? Avropa və Çin bu yollarla yük daşınmasında nə dərəcədə maraqlı olar? Həm də Ermənistanın ərazi yüksəklik modelini hazırlamışıq, İrəvanın təklif etdiyi və dağlardan keçən həmin yollar faktiki qış aylarında keçilməz olacaq”.
"Şuşada ilin sonunda “DOST” mərkəzlərinin fəaliyyətə başlayacağı gözlənilir"
Kənd təsərrüfatı naziri İnam Kərimov azad olunmuş ərazilərdə kənd təsərrüfatının potensialından danışıb: “İşğaldan əvvəl Azərbaycanda taxıl istehsalının 14 faizi, tütünün 8 faizi, ət və südün 15 faizi bu ərazilərdə istehsal olunub”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Şuşada ilin sonunda “DOST” mərkəzlərinin fəaliyyətə başlayacağı gözlənilir: “Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.
"Zəngəzur dəhlizi ilə elektrik enerjisi Avropaya ötürüləcək"
Energetika naziri Pərviz Şahbazov nəzərə çatdırıb ki, hazırda Cəbrayılda BP şirkəti ilə birgə 240 KVT gücündə Şəfəq Günəş Elektrik Stansiyasının qurulması ilə bağlı iş aparılır: “Azad edilmiş ərazilərdə xarici sərmayələrlə işlərin aparılması artıq bir reallıqdır. Azad edilmiş ərazilərdə 50-dən artıq kiçik su elektrik stansiyalarının, Kəlbəcər və Laçında külək elektrik stansiyalarının qurulması nəzərdə tutulur. Zəngəzur dəhlizi Avropaya elektrik enerjisinin nəqlində də mühüm rol oynayacaq”. Onun sözlərinə görə, hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri - Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi, bu yeni reallığın perspektivlərindəndir: "Postmünaqişə mərhələsində tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir".
Nazir deyib ki, elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanıb. Bu aspektdə, “Cəbrayıl” enerji qovşağının yaradılması böyükmiqyaslı energetik və strateji əhəmiyyətli hadisədir:
"Bu gün Azərbaycan kimi etibarlı tərəfdaşlara böyük ehtiyac var. Mövcud reallıqlar göstərir ki, Azərbaycanla enerji tərəfdaşlığının genişləndirilməsi Avropa ölkələri üçün strateji prioritetlərdən biridir. Ona görə də bu zonanın “yaşıl enerji” potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensial mənbə qismindədir”. Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var: "Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Avropa İttifaqı ilə enerji dialoqumuzda bərpa olunan enerji ilə yanaşı enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq da yer alır. Bu əməkdaşlıq “yaşıl enerji” zonasının yaradılması üçün münasib həllər baxımından önəmlidir”.
"İşğaldan azad edilmiş ərazilərin 10 min MVt bərpa olunan enerji potensialı var"
Pərviz Şahbazov deyib ki, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min MVt-a (meqavat) yaxındır. Onun sözlərinə görə, bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və su elektrik stansiyalarının inşası nəzərdə tutulur:
"Bu istiqamətdə hazırda BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin, xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Bərpa olunan enerji növlərinin azad edilmiş ərazilərdə də xarici investisiya hesabına inkişafı realdır”.
"Hadrut, Tuğ, Suqovuşan və Talış kəndlərinin baş planlarının hazırlanması yekunlaşmaqdadır"
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, Hadrut, Tuğ, Suqovuşan və Talış kəndlərinin baş planlarının hazırlanması yekunlaşmaqdadır. Onun sözlərinə görə, indiyədək 260-dan çox şəxs mina partlayışı nəticəsində yaralanıb və həyatını itirib: "Azad edilən ərazilərin 13 faizi minalardan təmizlənib. Bu proses hazırda da davam etdirilir".