- Avtomobillərin səsi insan sağlamlığını təhdid edir, Rauf Ağamirzəyev konkret təkliflər verdi
Sürücü niyə harada gəldi-gəlmədi, lazım oldu-olmadı siqnal verməlidir ki? Tıxaclarda belə hallara tez-tez rast gəlinir. Müəyyən qədər anlayış göstərmək mümkündür: insanlar tıxacda qalır, hövsələləri daralır, əsəbiləşirlər və “çıxış yolunu” siqnal verməkdə görürlər, bunun çarə olmayacağını bildikləri halda.
Tıxacı başa düşdük: stress, əsəb... Bəs normal şəraitdə, tıxacsız yolda rahat avtomobil idarə edən sürücü niyə siqnal verir, yaxud maqnitofonun səsini yüksəldərək “mən bu mahnını, bu musiqini dinləyirəm, sizə – hamıya da məcburən qulaq asdırıram” demək istəyirmiş kimi davranır? Bu, nəyin “havası”dır belə? Özünü nümayiş etdirmək, ləzzət almaq, “kayf” içində olmaq istəyidir? Belə adamlar özündən müştəbeh, mədəniyyətsiz, eləcə də qanundan bixəbərdirlər.

Azərbaycan qanunvericiliyinə əsasən, həm lazımsız yerə siqnal verən, həm də avtomobildə ətrafdakıları narahat edəcək şəkildə ucadan musiqi səsləndirən sürücülər üçün inzibati cərimələr nəzərdə tutulub.
Hər iki xəta üzrə konkret qaydalar və cərimə məbləğləri müəyyənləşdirilib.
“Yol hərəkəti haqqında” Qanuna görə, yaşayış məntəqələrində səs siqnalından yalnız yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə istifadə oluna bilər. Tıxacda hövsələsizlikdən, kimisə çağırmaq və ya salamlaşmaq üçün siqnal vermək qanun pozuntusudur. Cərimənin məbləği 30 manatdır.
Avtomobildə yüksək səslə musiqi dinlənilməsi səs-küy və ictimai asayişin pozulması qaydaları ilə tənzimlənir. Burada məsuliyyətin dərəcəsi zaman və məkandan asılı olaraq dəyişir. Gecə vaxtı, saat 24:00-dan 07:00-dək yaşayış binalarının həyətlərində, küçələrdə və istirahət yerlərində səs aparatlarını gur səslə işlətməklə sakinlərin rahatlığını pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə olunurlar. Əgər sürücü avtomobilə qanunsuz olaraq əlavə güclü səsgücləndiricilər və səs-küy yaradan xüsusi avadanlıqlar quraşdırıbsa, bu, nəqliyyat vasitəsinin qanunsuz avadanlıqla idarə edilməsi hesab olunur və günün istənilən saatında daha sərt cəza tədbirləri tətbiq oluna bilər.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, nəqliyyatın, avtomobil siqnallarının və digər amillərin yaratdığı səs-küy çirklənməsi insan sağlamlığına mənfi təsir göstərən amillərdəndir. R. Ağamirzəyev qeyd edib ki, səs-küy problemi sadəcə rahatlıq məsələsi deyil, həm də ictimai sağlamlıq problemidir. Onun sözlərinə görə, Bakının səs-küy xəritələrinin mütəmadi yenilənməsi, əsas səs-küy mənbələrinin müəyyənləşdirilməsi və avtomobil siqnallarından əsassız istifadəyə qarşı nəzarətin gücləndirilməsi vacibdir:

– Nəqliyyat səs-küyü şəhər mühitinin keyfiyyətinə birbaşa təsir edən problemlərdən biridir. Bunun həlli üçün yalnız yol kənarında səs maneələri qurmaqla kifayətlənməyib, səs-küyün mənbəyində azaldılması prinsipindən də istifadə etmək mümkündür. Yol sahəsində innovativ həllər mövcuddur. Bu məsələdə ənənəvi yanaşma magistral və dəmir yolları boyunca səs baryerlərinin quraşdırılmasıdır. Alternativ yanaşma kimi səsuducu yol örtüklərindən istifadə də geniş imkanlar yaradır. Digər həllərə təbii maneələr və abadlıq işləri daxildir. Yol boyunca sıx kol və yaşıllıq zolaqlarının yaradılması da şəhər mühitinin yaxşılaşdırılmasına kömək edir. Çəmənlik, kollar və ağaclardan ibarət çoxqatlı yaşıllıq həm vizual baryer yaradır, həm də müəyyən dərəcədə səsin yayılmasını zəiflədir. Burada əsas məsələ bir neçə ağac əkmək deyil, davamlı və kifayət qədər geniş yaşıllıq zolağı yaratmaqdır.
R. Ağamirzəyev qeyd edib ki, binaların memarlıq həlləri də səs-küyün azaldılmasına kömək edən amillərdəndir. Magistrala baxan binalarda səsuducu fasad materiallarından, düzgün layihələndirilmiş balkon və örtüklərdən, akustik xüsusiyyətləri yaxşılaşdırılmış pəncərələrdən istifadə etməklə səsin yaşayış məkanlarına daxil olması azaldıla bilər.
Səs-küyün azaldılmasının ən sadə və effektiv yollarından biri isə sürətin idarə edilməsidir. Sürət artdıqca təkərlərin yolla təmasından yaranan səs-küy də artır. Yaşayış və məktəb ərazilərində sürət həddinin azaldılması, ağırtonnajlı nəqliyyat vasitələrinin yaşayış küçələrinə girişinin məhdudlaşdırılması və yük axınlarının düzgün idarə edilməsi mühüm nəticələr verə bilər. Fəvvarələr, su elementləri və digər təbii səslər isə nəqliyyat səs-küyünü aradan qaldırmır, lakin onun insan tərəfindən qəbul edilən narahatlığını müəyyən qədər örtə və təsirini azalda bilir.