Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY

  • Əziz Əlibəyli: "Niderlandın da Azərbaycanla münasibətlərə yenidən baxmağın vaxtıdır"

Azərbaycan və Niderland arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar gündəmə gəlib. 26 oktyabr tarixində Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendsenlə görüşündə siyasi dialoqdan iqtisadi-ticari əlaqələrə, nəqliyyat və logistika sahəsindən kənd təsərrüfatına qədər bir sıra vacib məsələlər müzakirə olunub.

Xüsusilə Niderland şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkili və Avropa ölkəsinin kənd təsərrüfatı sahəsindəki qabaqcıl təcrübəsindən yararlanmaq imkanları diqqət çəkib. Bununla yanaşı, Niderland tərəfinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında İlham Əliyevin rolunu yüksək qiymətləndirməsi də görüşün diqqətçəkən məqamlarından olub. 

Bəs bu təmaslar Bakı ilə Haaqa arasında münasibətləri hansı istiqamətdə inkişaf etdirə və Azərbaycanın iqtisadi əməkdaşlıq imkanlarına necə təsir göstərə bilər?

Mövzü ilə bağlı politoloq Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Azərbaycan Avropa üçün yeni bazarlara çıxışın açar ölkəsidir:

“Bu çox vacib bir məsələdir. Hər halda siyasi münasibətlərdən iqtisadi münasibətlərə keçid və son 10 ilə xüsüsi nəzər yetirmək lazımdır.

İndi qarşıda, perspektivdə sülh danışıqları var. Niderlandı da öz baxışlarına təkrar nəzər yetirməyə çağırırıq. Azərbaycanla münasibətlərdə nizam, düzən yarada bilər. Orta Dəhliz, o cümlədən su idarəçilik və kənd təsərrüfatı sahəsində böyük təcrübələri var.

 Nəticə etibarilə biz artıq görürük ki, Avropanın bir çox ölkələrinin, Niderlandın da yola, kommunikasiyaya , yeni bazarlara ehtiyacı var. Azərbaycan bu bazarların kilid ölkəsidir”.