"Bizim çoxlu pula, həm də çoxlu zamana ehtiyacımız var"
Seymur Verdizadə: "Fikrimcə, qarabağlıların işğaldan azad olunmuş torpaqlarda tam məskunlaşması üçün ən azı 15-20 il vaxt lazımdır"
"Əsas odur ki, köç prosesinə start verilib"
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Bir neçə gün qabaq Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib. İclasın gündəliyinə Qərargahın ötən ikiillik fəaliyyətinin qiymətləndirilməsi və qarşıda duran yeni vəzifələr, "Böyük Qayıdış"a dair Dövlət Proqramının icrası ilə bağlı məsələlər salınıb. Habelə əhalinin Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə tezliklə qayıdışı ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icrasına dair son vəziyyət dəyərləndirilib. Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı, o cümlədən Laçın və Şuşa şəhərlərindəki son çıxışlarından irəli gələn tapşırıqlara toxunub. Qərargahın ötən ikiillik fəaliyyətinin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, qurumlararası əlaqələndirmə və əməkdaşlığın daha da gücləndirilməsinin, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının, habelə görülən işlərlə bağlı səmərəli nəzarət və monitorinq mexanizmlərinin əhəmiyyəti vurğulanıb. Qərargahın rəhbəri ekosidə, urbisidə və etnosidə məruz qalmış ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz daxili imkanları hesabına postkonflikt quruculuğunun dünya üçün nümunə olan uğurlu bir modelini ortaya qoyduğunu qeyd edib. Sonra iclasda Əlaqələndirmə Qərargahının gündəliyində dayanan cari məsələlərlə bağlı məruzələr dinlənilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il ərzində qayıdışı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq Laçın ərazisinə dərhal bir neçə işçi qrupu ezam edilib və ərazidə minadan təmizləmə, inventarlaşdırma, ilkin qiymətləndirmə və layihələndirmə işlərinin ardınca genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq başlanılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə məruzələr təqdim edilib. İclasın gündəliyinə uyğun olaraq, ərazilərdəki şəhərsalma məsələləri və planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı işlərin cari vəziyyəti müzakirə edilib, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri müvafiq ərazilərdə həyata keçirilən layihələrin icrasının gedişatı barədə məlumat veriblər. Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Bu arada qeyd olunub ki, "Böyük Qayıdış" çərçivəsində Şuşa şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılıb. Tikinti işlərinin 2023-cü ilin sentyabr ayında bitirilməsi nəzərdə tutulub. Hazırda tikinti işləri davam edir. Şuşa şəhərində Şuşa Realnı məktəbinin layihə-smeta sənədləri hazırlanır. Məktəb işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə büdcə vəsaiti hesabına bərpa ediləcək. Həmçinin Füzuli şəhərində Füzuli Peşə liseyinin tikinti işlərinə növbəti ildə başlanılması planlaşdırılır. Hazırda layihə-smeta sənədləri hazırlanır. Bununla yanaşı, Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisinin bitirilməsi nəzərdə tutulub. Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbinin tikinti işləri artıq bitib və açılış üçün son tamamlanma işləri görülür. Kəlbəcər şəhərində 960 şagird yerlik və Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikinti işlərinin növbəti ildə başlanılması planlaşdırılır. Laçın şəhərində 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, bərpası və əsaslı təmiri nəzərdə tutulub və tikinti işlərinə başlanılıb. Həmçinin Laçın rayonunun Zabux kəndində tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulub və tikinti işlərinə başlanılıb.
Cəbrayıldan olan tanınmış jurnalist, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə deyib ki, qarabağlıların ən böyük arzusu tezliklə öz ata-baba yurdlarına qayıtmaqdır. Baş redaktorun sözlərinə görə, torpaqlarımız işğaldan azad olunanda çox adam elə bildi ki, yaxın vaxtlarda doğma yurda dönə biləcək: "Reallıq isə bizim arzularımızın əleyhinə idi. Ermənilər 27 il ərzində Qarabağı viran qoymuşdu, şəhərlər, qəsəbələr, kəndlər xarabalığa çevrilmişdi, üstəlik, ərazi başdan-başa minalanmışdı. Minalanmış əraziləri təmizləmək, infrastruktur yaratmaq lazım idi. Bu isə zaman tələb edir. Bir qarabağlı kimi reallığı başa düşür və qəbul edirəm. Bilirəm ki, yaxın illərdə ata yurdumun çırağını yandırmaq mənə nəsib olmayacaq. Fikrimcə, qarabağlıların işğaldan azad olunmuş torpaqlarda tam məskunlaşması üçün ən azı 15-20 il vaxt lazımdır. Əsas odur ki, köç prosesinə start verilib, Zəngilanın bir kəndində həyat bərpa olunub. Yaxın 1-2 ildə Laçına və Şuşaya da əhalinin köçü gözlənilir. Təxmini hesablamalarıma görə, 5-6 ildən sonra Qarabağda on minlərlə insan yaşayacaq. Reallıqdan qaçmaq olmur. Reallıq isə odur ki, ermənilər bu cənnət bölgəmizə elə ağır zərbə vurublar ki, bizim həm çoxlu pula, həm də çoxlu zamana ehtiyacımız var. Səbrli olmaq və köç prosesinin sürətlənməsinə töhfə vermək lazımdır. Doğma yurda qayıtmaq arzusu ilə yaşayan hər kəs gec-tez öz istəyinə çatacaq. Hesab edirəm ki, ərazi minalardan tamamilə təmizlənəndən sonra yerli əhalinin quruculuq-abadlıq işlərinə cəlb edilməsinə ehtiyac olacaq. Məncə, təhlükəsizlik tədbirləri görüləndən sonra insan resursundan maksimum istifadə etmək lazımdır".