Borc verib faiz almaq hüquqi cəhətdən problem yaratmır, amma - İqtisadçıdan İZAH

  • ...Bunu biznesə çevirmək qadağandır, çünki sələmçiliyin özü qanunla qadağandır

Ali Məhkəmə sələmçiliklə məşğul olan şəxslərə sərt xəbərdarlıq edib. Bu barədə Ali Məhkəmənin məlumatında qeyd olunur ki, faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur:

“Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər”. Qeyd edilir ki, faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir: “Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur. Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır. Bu məsələdə qanunvericiliyin tələbləri nəzərə alınmadıqda qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər. Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər. Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər. 

Ali Məhkəmənin məlumatını Sherg.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirdi ki, fazilə borc verməni biznesə çevirmək lisenziyalı fəaliyyətdir, Mərkəzi Bank belə bir fəaliyyət növü üçün, məsələn banklara lisenziya verir, bunun hüquqi-təşkilatı formaları var:  

- Borc verib bunun müqabilində vaxta görə faiz almaq hüquqi cəhətdən problem yaratmır, amma bunu biznesə çevirmək qadağandır, çünki sələmçiliyin özü qanunla qadağandır. Faizlə borcu banklar, BOKT-lar, kredit ittifaqları verə biər. Faizlə borc lisenziyalaşdırılan fəaliyyətdir. Tutalım, birisi qohumundan borc götürüb, faizlə qaytara bilər. Borc verən deyə bilər ki bu pulu banka qoysaydı, 10 faiz gəlir əldə edəcəkdi. Amma qohuma borca verir və bunun müqabilində də faizlə qaytarılmasını istəyir. Sələmçilik hüquqi problem yarada bilər. sahibkarlıq fəaliyyətinə çevirmək qanunla qadağandır. Qazanılan pul qanunsuz sahibkarlıq kimi müsadirə edilə bilər.