Böyük müharibə olmayacaq

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bəhrəsini verib

Belə məqamda Qərb ölkələri öz qoşunlarını savaş meydanına sürmək fikrində deyil

  Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell növbəti dəfə Rusiya-Ukrayna müharibəsindən danışıb. Borrel deyib ki, Avropa Birliyi Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı sanksiyaları daha da gücləndirəcək. Amma Rusiya ilə müharibə aparmaq niyyətimiz yoxdur. Borrell həmçinin bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun hərbi-sənayesinə böyük təsir edir və neft hasilatına mane olur. Qərb ölkələrindən bənzər açıqlamalar dəfələrlə gündəmə gəlib. Hətta NATO Baş katibi Yens Stoltenberq də Rusiya ilə birbaşa müharibəyə girməyəcəklərini vurğulayıb. 

Ancaq bununla yanaşı, ABŞ və Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasına imkan verməyəcəklərini, Kiyevi hər cür dəstəklə təmin edəcəklərini deyiblər. Qərb dövlətlərinin Ukraynanı silah-sursat və maliyyə ilə təmin etdiyi ortadadır. Ancaq bir qrup hesab edir ki, NATO-nun, Avropa ölkələrinin “Rusiya ilə savaşmayacağıq” şəklində açıq bəyanatları Moskvanı ruhlandırır və savaşın davam etməsinə səbəb olur. Ona görə də Qərb Rusiyanı sadəcə sanksiyalarla deyil, açıq-aşkar savaşla hədələməlidir. Təbii ki, bundan sonra da Kremlin işğalçılıq siyasətinin sona çatacağı bəlli deyil. 

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Şərq”ə bildirib ki, Qərb ölkələri Rusiya ilə açıq qarşıdurmaya getmək, müharibəyə başlamaq niyyətində deyil. Ekspertə görə, Qərb ölkələri yaxşı başa düşürlər ki, 4 aydır davam edən Rusiya-Ukrayna müharibəsi öz nəticəsini verməkdədir: 

“Sanksiyalar tədricən Rusiyanı dizə gətirir. Moskva nə qədər inkar etsə də, mövcud vəziyyət ortadadır və getdikcə daha da pisləşməkdədir. Belə məqamda Qərb ölkələri öz qoşunlarını savaş meydanına sürmək fikrində deyil. Ukraynaya sadəcə silah-sursat və maliyyə dəstəyi göstərməklə kifayətlənirlər. Bu üsul Qərb üçün daha məqbuldur. 

Ona görə də açıq şəkildə müharibəyə qoşulmayacaqlarını vurğulayırlar. Müharibənin öz torpaqlarına sıçramasını istəmirlər. Bu, o anlama gəlmir ki, ABŞ və Avropa dövlətləri Ukraynaya yardımdan, dəstək verməkdən boyun qaçırır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz bəhrəsini verdiyi üçün canlı qoşunları irəli sürməyə ehtiyac görmürlər. Rusiya müharibə dövründə neft-qazdan 100 milyard dollardan artıq gəlir əldə etsə də, iqtisadi vəziyyətdən olduqca mürəkkəb mərhələyə qədəm qoyub”. 

S.Hümbətov vurğulayıb ki, Qərb ölkələri Rusyadan neft-qaz asılılığını mümkün qədər azaltmağa çalışır: 

“Orta Asiya, Azərbaycan, Misir, İran, Əlcəzair, Qatar, hətta Norveç və ABŞ-dan sıxılmış qaz almaqla Rusiyanın neft-qaz ticarətinə böyük zərbə vurmaq istəyirlər. Qərbin sanksiyalarının nəticəsidir ki, Çin rəhbəri Rusiya Prezidenti V.Putinin Moskvaya dəvətini geri çevirib. Əksər ölkələr Rusiya əleyhinə fokuslanır. Ukraynaya hərtərəfli dəstək verməklə Rusiyanı məğlub etməyə, sındırmağa cəhd göstərirlər. Moskvaya birbaşa müharibə elan etmək Qərb ölkələri üçün də faydalı olmaz”.