Britaniyalı səfirin Azərbaycan dilində təbrikinin PƏRDƏARXASI... – ŞƏRH + VİDEO

“Səfirin müstəqilliyimizlə bağlı ana dilimizdə təbrik ünvanlaması münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp xalqımızı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə britaniyalı səfir “Twitter” hesabında paylaşım edib:“18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük 

Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur. Biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq!”, - deyə səfir Azərbaycan dilində təbrik nitqi ilə çıxış edib. 

Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını qeyd edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Sherg.az”a söyləyib ki, Britaniya ilə enerji sahəsində də birgə layihələrimiz var:

“Bu əməkdaşlıq nəticəsində Azərbaycan neft-qaz kəmərləri ilə həm Avropa, həm də dünyanın enerji təhlükəsizliyini təmin edir. 

Britaniya Azərbaycana ən böyük yatırımlar etmiş bir ölkədir. Əməkdaşlığımız sadəcə iqtisadi xarakter daşımır. 

Britaniya Azərbaycana müharibə zamanı da mənəvi dəstək verib, ölkəmizlə təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq edir. Düşünürəm ki, bu əlaqələrin daha da genişlənməsi üçün böyük bir potensial var. Britaniya şirkətlərinin “Böyük qayıdış” layihəsində iştirakı zəruridir və bu istiqamətdə müəyyən işlər olacaq.

  Ona görə də səfirin müstəqilliyimizlə bağlı ana dilimizdə təbrik ünvanlaması münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”.