"Bu il qayıdış prosesinin ilkin mərhələsini görəcəyik"
Ceyhun Məmmədov: "Nəzərə almaq lazımdır ki, ən çox vaxt aparan məsələ yolların çəkilişi, elektrik enerjisinin təchizatıdır"
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
“Böyük Qayıdış” hazırda xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Bir tərəfdən işğaldan azad olunan ərazilərdə minalardan təmizlənmə prosesi gedir. Digər tərəfdən isə yollar çəkilir, su və elektrik xətləri bərpa edilir, dağıdılan şəhərlərimizin, qəsəbə və kəndlərimizin təməli yenidən qoyulur. Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam etməkdədir. Ümumən, işğaldan azad edilmiş torpaqlarımızda qısa müddət ərzində olduqca böyük işlər görülüb.
Bunun miqyasını yalnız İkinci Dünya müharibəsindən sonra aparılan bərpa-quruculuq işləri ilə müqayisə etmək mümkündür. Qarabağda bərpa-quruculuq işlərinin bu qədər sürətlə və uğurlu şəkildə aparılması ondan xəbər verir ki, işğalın davam etdiyi ötən 30 il ərzində Azərbaycan təkcə işğala son qoymaq üçün çalışmayıb. Eyni zamanda işğaldan sonra şəhər və kəndlərimizin bərpası üçün məqsədyönlü şəkildə faəliyyət göstərib. Bu isə “Böyük Qayıdış” prosesinə illər öncədən hazırlıq görülməsinin məntiqi nəticəsidir. İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində keçirilən iclasında da “Böyük Qayıdış” müzakirə olunub. Deputatlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə aparılan bərpa-quruculuq işlərinin miqyasından danışıblar. Ərazilərin qısa müddətdə dirçələcəyinə inam ifadə olunub. Parlament üzvləri geniş vüsət almış tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri, o cümlədən “Yaşıl enerji zonası” Konsepsiyasını yüksək dəyərləndiriblər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, “Böyük Qayıdış”ın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.
Xatırladaq ki, Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı “Böyük Qayıdış”ın ən qısa zamanda reallaşacağını vurğulayıb. Dövlət başçısı gənclərin də öz dədə-baba yurduna qayıtmaqda çox həvəsli olduğunu bəyan etmişdi. Prezident qeyd etmişdi ki, qayıdış könüllü olmalıdır: “Biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin. Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər adam yaşayacaq. Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu məni çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır.
Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər”. Dövlət başçısı bildirmişdi ki, birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq: “Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, Zəngilan şəhərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılıb. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik”.
Ölkə başçısı onu da diqqətə çatdırmışdı ki, Ağalı kəndinin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur: “İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar”.
“Böyük Qayıdış” prosesi ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov işğaldan azad edilmiş rayonlarımızda quruculuq-bərpa işlərinin kifayət qədər sürətlə aparıldığını deyib. Deputat bildirib ki, Qarabağda abadlıq və yenidənqurma işləri cənab Prezidentin bilavasitə tapşırıq və göstərişlərinə əsasən həyata keçirilir:
“Əminliklə söyləmək lazımdır ki, ən tez zamanda insanlarımız öz torpaqlarına qayıdacaqlar. Artıq Zəngilanın Ağalı kəndində bütün infrastruktur qurulub. Evlər, məktəb və digər zəruri infrastruktur yaradılıb. 2022-ci il ərzində “Böyük Qayıdış”a start veriləcəyini və prosesi ilkin mərhələdə uğurla həyata keçirəcəyimizi düşünürəm. Nəzərə almaq lazımdır ki, “Böyük Qayıdış” prosesində ən çox vaxt aparan məsələ yolların çəkilişi, elektrik enerjisinin təchizatıdır. Bu məsələlər başa çatdıqdan sonra proses daha da sürətlənəcək. Ancaq hesab edirəm ki, 2022-ci il Qayıdış ili olacaq”.