- “Çox güman ki, o, bu videonu sosial platformalarda paylaşacaq və bununla da müxtəlif ölkələrdə ictimai davranış səviyyələri arasındakı fərqi nümayiş etdirəcək"
Dənizkənarı Bulvarda gəzən çinli turistin yerə atılmış plastik qabları toplayaraq ətraf mühitin təmizliyinə töhfə verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu hadisə bir daha təmizliyin qorunmasının hər kəsin məsuliyyəti olduğunu xatırladıb. İnsanların yaşından, milliyyətindən və ya haradan gəlməsindən asılı olmayaraq, təbiətə və şəhərə qayğı ilə yanaşması böyük əhəmiyyət daşıyır. Ətraf mühitin qorunması gələcək nəsillər üçün sağlam və təmiz həyat deməkdir. Kiçik görünən belə addımlar isə cəmiyyətə müsbət mesaj verir və insanları daha məsuliyyətli olmağa çağırır.
Mövzunu şərh edən sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, çinli turistin bu davranışı əslində cəmiyyətə verilən mədəni mesajdır:

“Onun dənizkənarı parkda yerə atılmış plastik qabları toplaması göstərir ki, insanlar həm təbiətə ziyan vurur, həm də tullantıların yenidən emal imkanlarını məhv edirlər. Turist də bizə məhz bunu göstərməyə çalışır. Plastik qabların çeşidlənərək təkrar emala göndərilməsi bir çox ölkələrdə həm ekoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Çin bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir və orada tullantıların idarə olunması sistemli şəkildə həyata keçirilir”.
Sosioloq hesab edir ki, həmin turistin bu görüntüləri öz ölkəsində paylaşması da istisna deyil:
“Çox güman ki, o, bu videonu sosial platformalarda paylaşacaq və bununla da müxtəlif ölkələrdə ictimai davranış səviyyələri arasındakı fərqi nümayiş etdirəcək. Məsələnin düşündürücü tərəfi də məhz budur”.
Mətanət Məmmədova bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşıma gələn rəylər də cəmiyyətin müxtəlif düşüncə tərzini ortaya qoyur:
“Bəziləri yerə zibil atanları qınayır, digərləri isə hadisəyə sadəcə tamaşa edən insanları tənqid edir. Təəssüf ki, turisti lağa qoyan, onun davranışına istehza ilə yanaşanlar da var. Tək bu videodan söhbət getmir. Ümumiyətlə baş verən hər hansı bir hadisəyə, paylaşılan videolara hər kəs öz səviyyəsi və dünyagörüşünə uyğun rəy yazır. Amma ortada dəyişməyən bir həqiqət var – xarici turistin etdiyi bu addım bizi utandırdı”.
29 iyunun Beynəlxalq Tropiklər Günü olduğunu xatırladan sosioloq məsələnin simvolik tərəfi də diqqət çəkib: “Bu gün dünyada ətraf mühitin qorunmasına diqqət çəkmək məqsədilə qeyd olunur. İnsan fəaliyyəti nəticəsində meşələrin qırılması, ətraf mühitin çirkləndirilməsi və təbiətə vurulan zərər artıq ciddi təhlükəyə çevrilib. Təbiətə vurulan hər zərər əslində insan sağlamlığına və gələcəyinə vurulan zərərdir. Sözügedən video Beynəlxalq Tropiklər Günü üçün ən təsirli mesajlardan biridir. Bu görüntü insanları düşünməyə vadar edir. Təbiət artıq həyəcan təbili çalır və onu qorumaq hər birimizin borcudur. Təbiət varsa, həyat var. İnsan əlindəki zibili yerə atmazdan əvvəl bir neçə dəfə düşünməlidir. Şəhərin müxtəlif yerlərində tullantı qutuları yerləşdirildiyi halda, xüsusilə paytaxtın mərkəzində, dəniz sahilində plastik qabların yerə atılması ciddi narahatlıq doğurur”.