“Çirkli bomba” təhlükəsi var, amma Azərbaycan üçün real risk minimaldır - Ekspert

Rusiya- Ukrayna müharibəsində nüvə istifadə ehtimalı daha yüksəkdir, amma effekt Azərbaycana çatmaz

Ekspertdən açıqlama: Radiasiya buludu dağları keçəndə təsiri azalır, Azərbaycan qorunur

Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərqdə artan gərginlik fonunda ən ağır ssenarilərə qarşı hazırlıq prosesini gücləndirib. ÜST münaqişə fonunda nüvə silahının istifadəsinə hazırlaşır.

Bu barədə ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi “Politico” nəşrini məlumatlandırıb: “Ən pis ssenari nüvə hadisəsidir və bizi ən çox narahat edən də budur. Nüvə silahlarından istifadə olunarsa, dünyaya dəyəcək zərərin qarşısını heç bir hazırlıqla almaq mümkün deyil. Əgər bu baş verərsə, nəticələr onilliklər ərzində hiss olunacaq”.

Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda insanların nüvə təhlükəsi ilə bağlı yaşadığı psixoloji gərginliyi şərh edən hərbi ekspert Azad İsazadə Sherg.az-a açıqlamasında ABŞ və İsrailin İranla müharibəsi fonunda nüvə silahından istifadə ehtimalı olmadığını deyib:

- Amerika Birləşmiş Ştatlarının belə bir addım atması praktik olaraq mümkünsüzdür. İsrail dəfələrlə nüvə silahı olmadığını, lazım olsa əldə edə biləcəyini bəyan edib, lakin onların da nüvə silahından istifadə edəcəyini düşünmürəm.

İranda isə nüvə silahı olmadığı üçün, istəsələr belə, istifadə edə bilməyəcəklər. Nüvə silahı qədər güclü olmasa da, “çirkli bomba” kimi tanınan silahlar da radioaktiv maddələri yaymaq qabiliyyətinə malikdir. Lakin hazırkı mərhələdə Yaxın Şərqdə müharibə aparan dövlətlərin bu silahdan istifadə edəcəyini ehtimal etmirəm.

Bununla belə, İranda vahid rəhbərlik olmadığı üçün hansısa qruplaşmanın nüvə materiallarına əli çatsa, bu silahlardan istifadə edə biləcəyi istisna deyil. Qeyd etmək lazımdır ki, bu silahlar yalnız istifadə olunduğu konkret zona üçün təhlükəlidir. Əgər “çirkli bomba”dan İranın şimalına yaxın ərazilərdə istifadə edilsə, radiasiya buludları küləklə İranla həmsərhəd olan bölgələrimizə gələ bilər.

Burada coğrafi amili də nəzərə almaq lazımdır. Nüvə buludu dağlıq zonalardan keçərkən parçalanır və təsiri azalır. Azərbaycan-İran sərhədi isə Talış dağ silsilələrindən ibarətdir. Belə bir hal baş verərsə, radiasiyanın böyük hissəsi dağlardan keçə bilməyəcək. Cüzi də olsa, bizim üçün yeganə risk budur.

-Bəs, Rusiya- Ukrayna müharibəsində nüvə silahından istifadə ehtimalı nə dərəcə realdır? 

-İranla ABŞ- İsrail müharibəsi fonunda Rusiyanın nüvə silahından istifadə ehtimalı daha yüksəkdir. Rusiya rəhbərliyi hər fürsətdə dünyanı bununla hədələyir. Əgər Rusiya həqiqətən belə bir addım atsa belə bizim üçün risk faizi yenə də aşağıdır. Çünki burada söhbət taktiki nüvə silahından istifadədən gedir və effect demək olar ki, oxşar olacaq. Azərbaycan üçün real təhlükə yoxdur. Radioaktiv buludların küləklə Azərbaycan tərəfinə gəlsə belə, bu dəfə də Qafqaz sıra dağlarını keçəndə radiasiyanın effekti xeyli azalacaq. 

-Nüvə müharibəsi ilə bağlı müzakirələr fonunda yoddan istifadə ilə bağlı çağırışlar çoxalıb. Nüvə radiasiyasının qarşısının alınması üçün yod nə dərəcə effektivdir?

-Bəli, yod faydalıdır, lakin burada söhbət yaralarımıza çəkdiyimiz yodlardan yox, yod tərkibli xüsusi tabletlərdən, kaliyodlardan gedir. Kaliyodlardan nüvə silahından istifadə olunan vaxt, cəmi bir saat ərzində qəbul etmək lazımdır. Söhbət birinci partlayışdan sonra ötən ilk bir saatlıq müddətdən gedir. Əgər külək həmin nüvə radiasiyasını və tozunu digər ölkənin ərazisinə gətirərsə, o zaman kaliyodlardan istifadə edilməlidir. Üstəlik, iki-üç saatdan bir növbəti dozanı qəbul etmək lazımdır. Həmin tabletlərin konkret qəbuletmə qrafikləri var. Yəni mümkün nüvə müharibəsi ehtimalına görə indidən bu tabletləri əldə edib içməyin heç bir mənası yoxdur. Hesab edirəm ki, bu barədə nüvə radiasiyası ilə məşğul olan mütəxəssislər daha çox məlumatlı olduğu üçün insanları məlumatlandırmalıdırlar.

-Kaliyodlar apteklərdə satılır?

- Bu tabletkalar Fövqəlhadə Hallar Nazirliyinin anbarlarında olur. Nüvə və digər kütləvi qırğın silahlarına qarşı istifadə olunan antidotlar,kaliyodlar var. Miqdarını dəqiq deyə bilmərəm, amma əhali sayına görə saxlanılmalıdır.