Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyatları alqışlayıram - SOSİOLOQ

Əgər əhalidə olan odlu silahlar tam şəkildə yığılsa, çox sayda ölümün və cinayətin qarşısı alınar

Son dövrlərdə Azərbaycanda qanunsuz və hərbi təyinatlı silahların aşkarlanaraq yığılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanlarının bu sahədə koordinasiyalı fəaliyyəti ölkədə ictimai təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca vacibdir.

Cinayətlərin, qətllərin və potensial təhlükələrin qarşısının alınması üçün qanunsuz silahların dövriyyədən çıxarılması ən effektiv vasitələrdən biri hesab olunur. 

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Sherg.az-a Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin tədbirlərinin təqdirəlayiq olduğunu bildirib:

"Ölkədəki kriminal vəziyyətin sağlamlaşdırılması, cinayətlərin və qətllərin qarşısının alınması üçün ən effektiv üsullardan biri əhalidə olan qanunsuz və hərbi təyinatlı silahların yığılmasıdır.

Son dövrlərdə Daxili İşlər Nazirliyi vətəndaşlardan çoxlu sayda qanunsuz silah aşkar edərək götürüb. Bəzi vətəndaşlar isə həmin silahları könüllü şəkildə təhvil veriblər. Nazirlik bu istiqamətdə xüsusi kampaniya da aparır və könüllü təhvil verilən silahlara görə insanlara heç bir problem yaradılmır, əksinə, təşəkkür edilir. Bu, çox vacib və təqdirəlayiq yanaşmadır. Dünyanın bir çox ölkələrində görürük ki, insanların əlində odlu silah olduqda hər hansı afekt, stress və ya mübahisə zamanı atışmalar, qətllər, hətta kütləvi faciələr baş verir. Bizdə də buna bənzər bir neçə hadisə yaşanıb. Bu, ciddi təhlükədir.

Ümumiyyətlə, hüquq-mühafizə orqanlarından başqa heç kimdə silah olmamalıdır. Məhz buna görə bu məsələ son dərəcə vacibdir və görülən tədbirlər mütləq şəkildə davam etdirilməlidir.

Eyni zamanda paralel olaraq insanlara çağırış edilməlidir ki, özlərində olan qanunsuz silahları təhvil versinlər və kimdəsə silah olması barədə məlumatları varsa, aidiyyəti qurumlara bildirsinlər. Bu silahlar mütləq şəkildə cəmiyyətdən yığılmalıdır".

Sosioloq qeyd edib ki, əgər əhalidə olan odlu silahlar tam şəkildə yığılsa, çox sayda ölümün və cinayətin qarşısı alınar: 

"Bu baxımdan Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyatları alqışlayıram. Eyni zamanda Penitensiar Xidmət də bu istiqamətdə müəyyən işlər görür. Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları da bu sahədə fəaliyyət göstərir. Məsələn, Dövlət Təhlükəsizliyi Xidməti öz istiqamətində potensial terror aktlarının, ölkəyə qanunsuz silah keçirilməsi və digər cinayətlərin qarşısının alınması üçün mütəmadi tədbirlər həyata keçirir.

Ümumilikdə hüquq-mühafizə orqanlarının bu sahədə birgə fəaliyyəti həm dövlət təhlükəsizliyinin, həm ictimai təhlükəsizliyin, həm də vətəndaşların təhlükəsizliyinin əsas təminatlarından biridir.

Bu prosesdə vətəndaşlar da fəal iştirak etməlidirlər. Dünyanın əksər ölkələrində belə məsələlər məhz vətəndaş dəstəyi ilə daha effektiv həll olunur. Dövlət orqanları hər şeyi hər zaman bilməyə bilər. Bəzən vətəndaşların məlumatı olur və onlar məlumat verdikdə təhlükəli hallar vaxtında aradan qaldırılır".

Mütəxəssis vurğulayıb ki, vətəndaşlar bu məsələdə hüquq-mühafizə orqanları ilə mütləq əməkdaşlıq etməlidirlər:

"Cəmiyyət, dövlət və təhlükəsizlik institutlarının birgə fəaliyyəti nəticəsində bu problemin tam aradan qaldırılması mümkündür. Bu, son dərəcə müsbət nəticələr verəcək".