“Erməni dili Azərbaycanın strateji prioritetinə çevrilməlidir” - Professor Qafar Çaxmaqlı

"Bu dili bilmədən ideoloji mübarizədə üstünlük qazanmaq çətindir”

Müasir dünyada dillər artıq yalnız ünsiyyət vasitəsi deyil, həm də strateji üstünlük yaradan mühüm alətlərdən birinə çevrilib. Xüsusilə geosiyasi baxımdan həssas bölgələrdə yerləşən dövlətlər üçün müəyyən dilləri bilmək informasiya əldə etmək, düzgün təhlil aparmaq və milli maraqları qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Bu kontekstdə regionda baş verən proseslər nəzərə alındıqda, erməni dili də xüsusi diqqət tələb edən dillər sırasına daxil olur. Bu dili bilmək təkcə akademik maraq deyil, həm də siyasi, tarixi və ideoloji müstəvidə baş verənləri daha dərindən anlamaq üçün vacib vasitə kimi çıxış edir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a erməni dilini bilməyin önəmindən danışıb:

"Hər bir dövlətin strateji doktrinası olur. Siyasi, iqtisadi, mədəni baxımdan xarici dil öyrənmə praktikası bu dövlətlərin əsas qayələrindən biridir. Çünki ölkələrlə əlaqə və ünsiyyət vasitəsi kimi dil öyrənmənin çox böyük önəmi vardır.

Ermənilərlə aramızdakı münasibətlərin isti və ya soyuq olmasından asılı olmayaraq, erməni dilinin öyrənilməsi Azərbaycan dövlətinin siyasi strategiyalarından biri olmalıdır. Buna ehtiyac günü-gündən artır.

Erməni dilini bilmək yalnız ona görə lazım deyil ki, tarix boyunca ermənilərin yazdıqlarını oxuya bilək, onların araşdırmalarından yararlanaq. Bu, məsələnin yalnız bir tərəfidir. Digər tərəfdən bizə qarşı ideoloji müharibə aparan bir dövlətdə yazılanlardan, hazırlanmış planlardan xəbərdar olmaq üçün də bu dili bilmək vacibdir".

Ermənişünas-alim qeyd edib ki, qonşularımız ermənilər bu məsələyə xüsusi əhəmiyyət veriblər:

"Hələ sovet dövründə Ermənistandakı müxtəlif tədris ocaqlarında, universitetlərdə Azərbaycan və türk dillərinin öyrənilməsinə önəm verilib. Hətta İrəvan Dövlət Universitetində ayrıca kafedralar yaradılıb. Elmlər Akademiyasında türkologiya bölməsi fəaliyyət göstərib, son zamanlar isə Osmanlışünaslıq istiqaməti də açılıb.

Ermənilər türk və Azərbaycan dillərini öyrənməyə ciddi yanaşırlar. Hətta 2020-ci il müharibəsindən əvvəl Ermənistanın tədris müəssisələrində, o cümlədən orta məktəblərdə belə Azərbaycan dilinin tədrisinə başlanıldı. Şübhəsiz ki, bu, xoş niyyətlərdən irəli gəlmirdi. Azərbaycan dilini öyrənməklə onlar bizə qarşı mübarizədə daha təsirli vasitə əldə etməyə çalışırdılar.

Ermənistanda, demək olar ki, Azərbaycan və türk dili ilə bağlı problem yoxdur. Əhalinin müəyyən hissəsi bu dillərdə yazıb-oxuya, danışa bilir. 2020-ci il müharibəsində də bunun şahidi olduq.

Bu baxımdan biz də öz siyasətimizi onların apardığı xəttə uyğunlaşdırmalı və erməni dilinin tədrisini Azərbaycanda daha ciddi şəkildə təşkil etməliyik".

Mütəxəssis bildirib ki, hazırda Azərbaycanda bir neçə universitetdə erməni dili tədris olunur:

"Hərbi məktəblərdə də bu istiqamət var. Lakin bu, yetərli deyil. Çünki erməni dilinin öyrənilməsi üçün həm kadr çatışmazlığı aradan qaldırılmalı, həm də universitetlərdə bu sahə kafedra səviyyəsində və sistemli şəkildə inkişaf etdirilməlidir.

Bakı Dövlət Universitetində və Xarici Dillər Universitetində bu dil tədris olunsa da, həftədə bir neçə saatlıq dərslərlə yüksək səviyyəli mütəxəssis yetişdirmək mümkün olmur. Bu iş müəyyən qədər yarımçıq təsir bağışlayır.

Bir vaxtlar Bakı Dövlət Universitetində çalışarkən Erməni Araşdırmaları Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürdüm və belə bir mərkəz laboratoriya şəklində fəaliyyətə başladı. Lakin gözlənilən effekti vermədi.

Əslində, erməni dilini bilmək kifayət deyil. Bu bilik strateji araşdırmalarla tamamlanmalı, ermənişünaslıq müəyyən səviyyəyə çatdırılmalıdır. Təəssüf ki, bu istiqamətdə hələ də ciddi boşluqlar qalmaqdadır. Ölkədə bu sahədə güclü kafedralar fəaliyyət göstərmir".

Müsahibimiz vurğulayıb ki, erməni dilinin öyrənilməsi yalnız ünsiyyət üçün deyil, gələcəkdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması dövründə də mühüm rol oynayacaq: 

"Əlaqələrin qurulması dil bilmədən mümkün deyil. Bundan əlavə, erməni dilində çox zəngin mənbələr mövcuddur. Bu mənbələrə çıxış əldə etmək üçün həm qədim (qırabar), həm də müasir (aşxarabar) erməni dilini öyrənmək vacibdir. Bu qaynaqları araşdırmaqla tarix boyu aparılan saxtakarlıqları üzə çıxarmaq, Azərbaycanın tarixinin təhrif olunmasına qarşı çıxmaq mümkündür.

Eyni zamanda erməni dilində yazılmış bəzi əsərlərdə Azərbaycanın tarixi və mədəni keçmişi ilə bağlı mühüm həqiqətlər yer alır. Bu məlumatları üzə çıxarmaq və cəmiyyətə təqdim etmək də böyük əhəmiyyət daşıyır.

Bir vaxtlar erməni müəlliflərin öz dillərində etdikləri etirafların araşdırılması və ifşası istiqamətində işlər aparıldı və bu, ciddi nəticələr verdi. Çünki bir tərəfdən biz öz fikrimizi bildiririk, digər tərəfdən isə erməni müəlliflərin öz dillərində söylədikləri həqiqətləri ortaya qoymaq daha təsirli olur".

Q.Çaxmaqlı Türkiyədə erməni dilinin iki universitetdə kafedra səviyyəsində- bakalavr və magistr pillələrində tədris olunduğunu və bu sahədə mütəxəssislər hazırlandığını söyləyob: 

"Bu təcrübə Azərbaycan üçün də faydalı ola bilər. Hazırda Azərbaycanda erməni dili bilən mütəxəssislərin sayı azalır. Mövcud kadrların bir hissəsi yaşlanır, bir hissəsi isə artıq fəaliyyətini dayandırır. Bu boşluğu doldurmaq üçün gənclərin bu sahəyə yönləndirilməsi vacibdir.

Universitetlərdə bu istiqamətdə ciddi addımlar atılmalı, kafedralar yaradılmalı və sistemli şəkildə mütəxəssis hazırlığına başlanmalıdır. Bu proses təməlindən qurulmalı və davamlı şəkildə inkişaf etdirilməlidir.

Bununla yanaşı, erməni araşdırmaları sahəsinə də xüsusi diqqət yetirilməlidir". 

Ekspertin fikrincə Azərbaycanda müxtəlif elmi və strateji mərkəzlərdə bu istiqamət inkişaf etdirmək, erməni dilini bilən mütəxəssislər yetişdirmək vacibdir:

"Nəticə etibarilə, erməni dilinin öyrənilməsi çox vacibdir. Bu, həm ideoloji mübarizədə, həm də informasiya əldə etmək baxımından mühüm rol oynaya bilər. Eyni zamanda, bu dilin təbliği və öyrənilməsi Azərbaycanda geniş şəkildə təşviq olunmalıdır".