Paşinyanın “mübadilə” təklifi yeni gərginlik yarada bilər
Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyasında Azərbaycan- Ermənistan arasındakı sülh gündəliyinə toxunub.
O, çıxışında iki ölkə arasında əsas məqsədin gələcək nəsillərə daha aydın və hüquqi əsaslara söykənən sərhədləri olan bir region buraxmaq olduğunu vurğulayıb. Paşinyan delimitasiya prosesinə toxunaraq, xüsusilə Başkənd məsələsinin həlli ilə bağlı müxtəlif variantların nəzərdən keçirilə biləcəyini, o cümlədən ərazi mübadiləsi kimi yanaşmaların istisna olunmadığını bildirib.
Maraqlıdır, Nikol Paşinyanın Başkənd məsələsi ilə bağlı “mübadilə variantı” açıqlaması beynəlxalq hüquq və delimitasiya prosesində hansı hüquqi mexanizmlərə əsaslana bilər?
Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Alahverdiyev Sherg.az-a bildirib ki, Paşinyanın işlətdiyi bu ifadə delimitasiya prosesinin hüquqi mahiyyətinə işarə edir. Burada məqsəd dövlət sərhədinin sovet dövrünə aid xəritələr, torpaq-kadastr sənədləri, inzibati sərhəd aktları və digər rəsmi hüquqi materiallar əsasında dəqiq müəyyən edilməsidir. Ekspertin sözlərinə görə, kadastr məlumatları torpaq sahələrinin hüquqi statusunu, koordinatlarını və sərhədlərini göstərən əsas sənədlərdir:
“Delimitasiya zamanı bu cür sənədlər mühüm sübut bazası hesab olunur. Paşinyanın Başkəndlə bağlı səsləndirdiyi “mübadilə variantı” fikri hüquqi baxımdan yeni və ya qeyri-adi mexanizm deyil. Beynəlxalq hüquqda dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) zamanı bir neçə hüquqi model mövcuddur və ərazi mübadiləsi onlardan biridir. Beynəlxalq hüquqda dövlətlərin öz aralarında razılıq əsasında sərhədləri dəqiqləşdirməsi, anklav və eksklav problemlərini həll etməsi, müəyyən əraziləri qarşılıqlı dəyişdirməsi mümkündür. Amma Başkənd burada müzakirə mövzusu olmamalıdır. Başkənd beynəlxalq hüquqi baxımdan sovet dövründə Azərbaycan SSR-in tərkibində olmuş eksklav kimi tanınır. Delimitasiya komissiyaları SSRİ dövrünün hüquqi xəritələrinə əsaslanarsa, Azərbaycanın həmin ərazi üzərində hüquqi iddiası gündəmdə qala bilər. Buna görə də “mübadilə variantı” əslində hüquqi zərurətdən çox, mümkün siyasi kompromis modellərindən biri kimi qiymətləndirilir. Unutmayaq ki, Başkəndin statusu yalnız hüquqi məsələ deyil, həm də coğrafi və təhlükəsizlik məsələsidir. Şınıx bölgəsi Ermənistan sərhədinə çox yaxın yerləşir. Başkənd həmin ərazinin daxilində yerləşən anklav olduğuna görə, onun statusu ilə bağlı istənilən qərarın bölgənin nəqliyyat əlaqələrinə, təhlükəsizlik mühitinə və ərazi bütövlüyünə təsiri müzakirə olunur”.
Ə. Allahverdiyev qeyd edib ki, Başkənd üzərində Ermənistan suverenliyinin faktiki bərpası bölgədə yeni keçid və təhlükəsizlik rejimləri yarada bilər. Şınıx və ətraf yaşayış məntəqələrinin nəqliyyat-kommunikasiya əlaqələri mürəkkəbləşə bilər:
“Ermənistan anklavına daimi çıxış dəhlizi yaradılması Azərbaycan ərazisində əlavə hüquqi və təhlükəsizlik məsələləri doğura bilər. Gələcəkdə sərhəd idarəçiliyi və yerli əhalinin hərəkəti ilə bağlı problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, Başkənd müzakirə mövzusu olmamalıdır”.