Geosiyasi gərginliklər və quru sərhədlərin bağlı olması turizmə ağır zərbə vurdu
“Azərbaycana turist axınında müşahidə olunan azalma əsasən regionda baş verən geosiyasi gərginliklər və müharibələrlə bağlıdır”.
Bu sözləri Sherg.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında azalma daha qabarıq hiss olunur və bunun əsas səbəbi həmin regionda baş verən təhlükəsizlik riskləridir:
“İlin əvvəlində İranla İsrail-ABŞ arasında yaşanan gərginliklər, hava məkanlarının bağlanması və uçuşların məhdudlaşması bu istiqamətdən Azərbaycana turist axınını birbaşa azaldıb. Bundan əvvəl isə Pakistan və Hindistan arasında yaşanan qısa müddətli gərginlik də həmin ölkələrdən gələn turistlərin sayına mənfi təsir göstərib”.
Ekspertin fikrincə, alternativ bazarların formalaşdırılması asan və qısa müddətli proses deyil, bunun üçün zaman və davamlı marketinq strategiyası tələb olunur. Eyni zamanda quru sərhədlərin bağlı qalması da turist axınını məhdudlaşdıran əsas amillərdən biri kimi qalır:
“Azərbaycana girişin yalnız hava yolu ilə mümkün olması və aviabiletlərin region ölkələri ilə müqayisədə baha olması ölkənin rəqabət qabiliyyətini azaldır. Tur paketlərdə nəqliyyat xərcləri ümumi qiymətin 40 faizdən çoxunu təşkil edir ki, bu da turistlərin başqa istiqamətlərə yönəlməsinə səbəb olur. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycanda otel və qidalanma qiymətləri nisbətən cəlbedici və rəqabətlidir. Sadəcə turistlər üçün əsas seçim meyarları təhlükəsizlik və əlçatanlıq olduğundan, hazırkı vəziyyətdə məhz bu amillər ölkənin turizm potensialına daha çox təsir göstərir”.