Erməni vəhşiliyini öz gözləri ilə gördülər
Məşhur səyyahlar Qarabağın haqq səsini dünyaya yayacaqlar
Dünyanın 20 ölkəsindən 30 səyyahın Qarabağa səfərinin təşkil edilməsi erməni vəhşiliyinin ifşası, Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmli məsələdir
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Fevralın 16-18-də 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Səfər dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə baş tutub. Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunan səfər proqramı Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb. Daha sonra qonaqlar Ağdam, Laçın, Kəlbəcər və Zəngilana səfər ediblər. Qonaqlara əvvəlcə Şuşa qalası haqqında məlumat verilib.
Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. 1992-ci ildə şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olunandan sonra Şuşa qalasının divarları erməni vandalizminə məruz qalıb. 2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra burada təmir-bərpa işləri aparılıb.
Qonaqlar Şuşa qalasının divarları fonunda xatirə şəkilləri çəkdiriblər. Səyyahlar Şuşanın mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün işğal zamanı güllələnmiş büstlərini də ziyarət ediblər.
Dünya şöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələrdən danışıb. Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib. Əcnəbi səyyahlar daha sonra Yuxarı Gövhər ağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, otuz ilə yaxın sürən işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb.
Şuşa işğaldan azad olunandan sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Bülbülün Şuşa şəhərindəki ev-muzeyi də ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib. Səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər. Əcnəbi səyyahlar Şuşa şəhəri ilə tanış olduqdan sonra fevralın 16-da Ağdama gəliblər. Heyət Ağdamda erməni işğalı və barbarlığından nisbətən salamat çıxmış yeganə tikili - Cümə məscidi ilə tanış olublar.
Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib.
Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Erməni vandalları Ağdam Cümə məscidində də mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Qonaqlar Ağdam şəhərinin dağıntılarına baxıblar. Qeyd olunub ki, Qarabağ xanı Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam Azərbaycanın nəinki Qarabağ bölgəsinin, ümumilikdə respublikanın ən inkişaf etmiş şəhərlərindən idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib. Səyyahlar qrupunu müşayiət edən məşhur fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı Ağdam Cümə məscidi və şəhərdə şahidi olduğu ağrı-acılı xatirələri bölüşüb, çəkdiyi fotoşəkilləri qonaqlara təqdim edib, onların suallarını da cavablandırıb.
Onlara işğal müddətində yerlə yeksan olan yaşayış məntəqələri, Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı barədə məlumat verilib. İşğalçıların insanlıq əleyhinə cinayətlərinin izləri əyani nümayiş etdirilib.
Qonaqlar ilk təəssüratlarını onları müşayiət edən jurnalistlərlə bölüşüblər. İngiltərəli Susan Patricia Rogers bildirib ki, əvvəllər Bakıda olsa da, Qarabağa ilk dəfə səfər edib. O, Qarabağ müharibəsi barədə eşitdiyini, lakin heç vaxt Qarabağa Ermənistan tərəfdən səfər etmək barədə düşünmədiyini bildirib:
“Əslində, bu səfər mənim üçün maraqlıdır, çünki Qarabağa çoxdan səfər etmək istəyirdim. Gözlədim ki, müharibə bitsin, təhlükəsizlik bərpa olunsun, sonra səfər edim. Buralar çox gözəldir, həmçinin bu qısa müddət ərzində görülən işlər, çəkilən yol, elektrik və digər işlər təqdirəlayiqdir. Lakin hələ görüləcək işlər çoxdur. Düşünürəm ki, burada quruculuq işləri tamamlandıqdan sonra mən bura yenidən səfər etməliyəm...”.
Polşadan olan səyyah Daniel Zaqrodski Şuşada qısa zamanda böyük işlər görüldüyünü qeyd edib: “Eyni zamanda nəzərə alsaq ki, burada əhali yenidən yaşayacaq, hələ görüləcək işlər çoxdur. İlk dəfədir ki, mən televiziyada və ya “Youtube”də deyil, öz gözlərimlə bir şəhərin müharibədə necə dağıdıldığını görürəm. Kədərli görüntüdür, lakin eyni zamanda, bu şəhərdə həyat bərpa olunur. Yolboyu gördüyüm dağıntılar sadəcə, dəhşətdir. Bir zamanlar kəndlər olduğu ərazilərdə indi heç nə qalmayıb, hər şey dağıdılıb, silinib. Mən bu yerlərin çoxlu şəkillərini çəkdim. Ağdamdakı görüntülər kədərlidir. Bura “ruhlar şəhəri”nə çevrilib...”.
ABŞ-dan olan səyyah Per Adrian Besson da Ağdamda gördüyü vandalizmin onu mütəəssir etdiyini deyib. O, tezliklə Ağdamda həyatın yenidən canlanacağına əmin olduğunu bildirib: “İnanıram ki, regionda sülh olacaq, inkişaf olacaq. Hər iki ölkə problemləri danışıqlar yolu ilə həll edəcək və birlikdə sülh içərisində yaşayacaq”.
Bosniya və Herseqovinadan səyyah Milana Bojinovic də oxşar fikirləri bildirib: “Ağdamda hər şey dağıdılıb, ancaq bir məscid salamat qalıb. Bütün bunlar təəssüfedicidir. Mənim vətənimdə də ağır müharibə olub, müharibənin dəhşətlərini bilirəm. Ümid edirəm ki, gələcəkdə hər iki ölkə mehriban qonşuluq münasibətləri yaradacaq...”.
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, dünyanın 20 ölkəsindən 30 səyyahın Qarabağa səfərinin təşkil edilməsi erməni vəhşiliyinin ifşası, Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmli məsələdir. Deputatın sözlərinə görə, qarşımızda duran ən vacib məsələdən biri də erməni vəhşiliyinin ifşa olunması, dünya ictimaiyyətinə çatdırılmasıdır:
“Ermənistan silahlılarının Qarabağda törətdikləri vandalizm aktlarının mətbuatdan öyrənilməsi ilə canlı gözlə görülməsi arasında fərq çoxdur. Səyyahların erməni vəhşilikləri ilə yerində tanış olmaları, öz gözləri ilə görmələri olduqca mühümdür. Nəzərə alaq ki, səyyahlar dünyanın bir çox ölkəsinə səfər edirlər.
Onlar təmsil etdikləri ölkələrlə yanaşı, dünyanın başqa ölkələrində də Qarabağda gördüklərini təbliğ edəcəklər. Təəssüflə qeyd etmək lazımdır ki, erməni yalan maşını fasiləsiz işləyir. Hələ də Azərbaycana qarşı təbliğatlarını davam etdirirlər. Ona görə də xarici ölkə nümayəndələrinin işğaldan azad edilmiş səfərlərinin təşkili zəruridir.
Erməni vəhşiliklərini xarici vətəndaşların gözü ilə dünyaya göstərməli, əcnəbi dillərdən istifadə edərək ifşa etməliyik. Dünya ictimaiyyəti erməniləri yaxından tanımalı, onların yalanlarına aldanmamalıdır”.