Ermənilərdən bəhs edən kitab Azərbaycan türkcəsində çap olunacaq

Şahbaz Xuduoğlu Dilqəm Əhmədin təklifini müsbət qarşılayıb
 
  Tanınmış araşdırmaçı-jurnalist Dilqəm Əhməd feysbuk profilində ermənilərdən bəhs edən bir kitabın fotosunu paylaşıb. Araşdırmaçı öz statusunda əslən azərbaycanlı Esat Urasın "Tarihte ermeniler ve ermeni meselesi" adlı kitabı barədə qısa məlumat verib. 800 səhifəlik kitabın ermənilər barədə yazılmış ən mükəmməl əsər olduğunu ifadə edən Dilqəm Əhməd nəşriyyatlara çağırış edib: "Bu, kitabın birinci nəşridir. Türkiyədə ikinci nəşri də çıxıb. Amma daha sonra unudulub. İngilis dilində də var. Azərbaycanda imkanı olan nəşriyyatlar, qurumlar dilimizə uyğunlaşdırıb çap etsələr gözəl olar. Ənənəvi Xocalı tədbirlərindən birinin pulunu buna xərcləmək olar".   

  Jurnalist vurğulayıb ki, kitabın yazarının ailəsi bir zamanlar Şirvandan köçmədirlər: "Əsəd bəy Türkiyə Böyük Millət Məclisində deputat da olub". 

"Qanun" nəşrlər evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu "Şərq"ə açıqlamasında sözügedən kitabla maraqlanmağa başladığını deyib: 

"Dilqəm Əhmədin statusundan xəbərim var. O, belə məsələləri yaxşı bilir. Mühüm mövzuları təhlil edir, incələyir, üzə çıxarır. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv yaradır. Bu mənada Dilqəmin statusu ekspert rəyi kimi mənim üçün qiymətlidir. Ona görə də bəhs etdiyi kitabı diqqətə aldım. Dərhal maraqlanmalarını tapşırdım. İndi həmin kitabı əldə etməyə çalışırıq. Əldə edəndən sonra kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırıb çap edəcəyik".
  Ş.Xuduoğlu bənzər təşəbbüslərin olduğunu da söyləybi: "Biz hamısını dəyərləndirmişik. İndiyə kimi Qarabağ mövzusunda xeyli kitablar nəşr etmişik. Bu yaxınlarda "Zəngəzur" romanını, Qarabağdan bəhs edən "Qarabağnamələr"i çap etmişik. Bir alman müəllifin "Qarabağın qısa tarixi" adlı kitabını buraxmışıq. Yəni təkliflər səsləndikcə, biz də onlara əsaslanıb kitablar nəşr edirik".