“İdrak” liseyində ov tüfəngi ilə müəllimı yaralayan şagirdin TikTok platformasında hansı məzmunda repostlar paylaşdığı məlum olub. Məlumata görə, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır. Kimdir Roslyakov? Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, açdığı atəşlə 20 tələbənin ölümünə, 60-dan çoxunun yaralanmasına səbəb olmuş şəxsdir. Bu hadisənin Rusiya tarixində məktəblərə edilmiş ən ağır hücumlardan biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədildiyi bildirilirdi. İstər Rusiyada, ya ABŞ-də, yaxud dünyanın hansısa digər ölkəsində baş vermiş faciə, dəqiq olanı budur ki, uşaqlar aqressiv, zorakılıq məzmunu daşıyan hadisələr və onlar haqqında internet resurlardakı paylaşımlardan neqativ təsirlənir. “İdrak”da güllə müəlliməyə dəydi. Amma daha çox yaralı, Allah qorusun, daha çox ölüm ola bilərdi. Baş vermiş hadisə uşaq və yeniyetmələrə sosial şəbəkə, internet qadağasının tətbiqini zəruri edir artıq.
Hüquqşünas Mehman Muradlı “Sherg.az”a açıqlamasında “təəssüf ki ölkə qanunvericiliyində uşaqlara sosial şəbəkə qadağası yoxdur”, dedi və əlavə etdi ki, qadağa qanunla tətbiq edilməlidir, amma bunun mexanizmi də tapılmalıdır:
- Uşaqalrın TikTok-da, digər rəqımsal platformalarda hər cür videoları izləmələri, müxtəlif məzmunlara daxil olub, paylaşımlar etməsinin cavabdehliyini valideyn daşımalıdır. Çünki yetkinlik yaşına çatmamış şəxslərin adına telefon nömrəsi almaq, rəsmiləşdirmək mümkün deyil. Valideynlər öz adlarına, ola bilsin yaxın qohumlardan, ailə üzvlərindən kiminsə adına telefon nömrəsi alır, aktivləşdirib isitfadə üçün uşağa verirlər. Burada məsuliyyət valideynin üzərinə düşür ki, uşağın internetdə nəyə baxdığı, nələri izlədiyi, necə istifadə etdiyinə nəzarət etsin. Xəbəri olsun uşağın nəyə maraq göstərdiyindən. Valideyn övladı üçün, deyək ki təhsillə, məktəblə bağlı internetə giriş tətbiq edirsə, sonrasında onu diqqətlə izləməlidir və uşağın internetdən necə istifdə etdiyini bilməlidir. Məktəbdə telefondan istifadəyə icazə yoxdur, amma məktəbdən sonra uşaq evə gəlir, başqa hardasa internetə qoşulur. Burada artıq mısuliyyət valideynin üzərindədir, ciddi nəzarət etməlidir. Təəssüf ki, uşaqlara nəzarət çox zəifdir.