Normallaşma Koçaryanın qarın ağrısına çevrilir
Amma erməni xalqı sülhdən fayda gördükdən sonra onu "dar ağacından" "asacaqlar"
“Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenə mətbuat konfransı keçirib, ermənilərin şüurunu kütləşdirmək üçün yeni reseptlərlə çıxış edib. Ənənəvi mövzular - Azərbaycan və Türkiyəyə qarşı yönələn ənənəvi murdar tezislər və s”. Bu barədə “Şərq”ə siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Robert Koçaryan müharibə cinayətləri, mülki insanların soyqırımı üzərindən hakimiyyətə gəlmişdi. Əli qana batmış cani iqtidar kürsüsünə çevriliş senarisi ilə yiyələnmişdi:
“Üstəgəl, 2008-ci ilin martın 1-də xələfi Serjik Sarkisyanın saxtakarlıqla hakimiyyətə gəlişinə “yaşıl işıq” yandırmaq üçün öz xalqına qarşı da cinayət əməlini törətmişdi. Koçaryan elə bir tarixi ləkədir ki, o, yalnız yazıçıların öz əsərlərindəki yaratdığı ən riyakar, murdar xislətli obrazlarla müqayisəyə gələ bilər. Koçaryan erməni tarixi üçün də silinməz ləkədir, dahi rus yazıçısı Mixail Bulqakovun dünyaca məşhur “Master və Marqarita” əsərinin mənfi personajı Voland kimi çoxsimalı riyakardır. Beyin hüceyrələrini qidalandıran erməni mifologiyası onun kütləvi psixoz yaratmaq cəhdləri ilə müşayiət olunur.
Bu, erməni millətçiliyinin körüklənməsi, revanşist duyğuların dirilməsinə xidmət edir. Eyni zamanda zədələnmiş nüfuzunun təmiri üçün materiallar yığmaq cəhdidir.
Amma erməni cəmiyyəti o materialı Koçaryana vermir, çünki onun hansı xislət sahibi olduğunu, erməni xalqını hansı bəlalara sürüklədiyini gözəl dərk edir. Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi Koçaryanın iliyinə elə bir “iynə” saplayıb ki, o, isterik durumunu “cəsarətli” çıxışlar etməklə pərdələmək istəyir”.
Ekspertə görə, Koçaryandan xoş addım gözləmək mənasızdır, o, getdikcə azğınlaşır, darmadağın olmuş mifi qəbirdən çıxarıb diri vəziyyətdə saxlamağa çalışır:
“Koçaryan Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallığı beyninin həzminə vermək niyyətindən uzaqdır.
Onun siyasi keçmişindəki cinayətkar, rüşvətxor, korrupsioner fəaliyyətini məhz revanşizm və millətçilik şüarları arxa plana ata bilər.
Amma Koçaryan və onun kimiləri xaraktercə qorxaqdırlar. Quyruqları qapı arxasında qalanda qışqırıqları üfüqlərdə əks-səda verər və yalvararlar. Yəni “qəhrəman” obraz birdən-birə çevrilib qorxaq olar.
Koçaryan erməni xalqına bu çağırışı da edir ki, mövcud hakimiyyəti devirsinlər. Koçaryanın köhnəlmiş zehnini revanşizm ovqatında itiləməsinin isə heç bir faydası olmayacaq. İstər o, istər xələfi Serjik Sarkisyan nüfuzu dibdə sürünən, mənəviyyatları aşınan şəxslərdir. Hərçənd onların arasındakı soyuq münasibətlərin yaratdığı “buzlar” aysberq səviyyəsinə qalxıb, amma nəticədə hər ikisi bir medalın iki üzüdür. Azərbaycanla Ermənistan arasında normallaşma belələri üçün qarın ağrısıdır, çünki erməni xalqı bu normallaşmadan fayda gördükdən sonra onları “dar ağacına” gətirib üzlərinə tüpürdükdən sonra “asacaqlar”. Koçaryan və Sarkisyanlar regional bəladırlar, bu bəlanın da öhdəsindən gələcəyik”.