Məlum olduğu kimi, iyulun 9-10-da Şuşada səfərdə olan onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiyalarının rəhbərlərinin olmaması böyük rezonans doğurub. Güman etmək olar ki, indiki halda ABŞ, Rusiya və Fransa səfirlikləri razılaşdırılmış şəkildə hərəkət ediblər. Formal səbəb Qarabağ münaqişəsində “neytrallığı” qoruyub-saxlamaq istəyidir.
Bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderlərilə danışıqlar aparıblar. Nədənsə, o zaman neytrallıq məsələsi ortaya çıxmırdı.
Mövcud durum barədə fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov vurğulayıb ki, həmsədrlərin bu addımı sadəcə səfərdən imtina etmək deyil, həmçinin Qarabağın Azərbaycan ərazisi olmasına bir etiraz demarşı kimi qəbul olunur:
“Ümumiyyətlə, diplomatiyada bütün hərəkətlərin bir mənası var. Bu hərəkətin də mənası odur ki, ABŞ, Fransa və Rusiya hələlik razı deyillər ki, Qarabağ dövlətimizin nəzarətində olsun. İstənilən halda Azərbaycan buna ciddi reaksiya verməlidir. Əslində diplomatların işğaldan azad olunan ərazilərə aparılması təkcə onları gəzdirmək və erməni vəhşiliyini göstərmək deyil, həmçinin diplomatik bir jestdir. Eyni zamanda bu dövlətlərin Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə gələcək münasibətin formalaşma mərhələsinə təsir göstərən amildir. Ona görə də həmsədr ölkələrin prosesdə iştirak etməməsi belə qiymətləndirilməlidir ki, onlar BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində Azərbaycanın öz ərazilərinə nəzarət etməsinə razı deyillər. Əlbəttə, bütün bunlar mənfi haldır. Belə reaksiya bir daha təsdiq edir ki, ötən 30 il ərzində hər üç ölkə Qarabağla bağlı düşmən ölkəyə dəstək veriblər. Çox təəccüblüdür ki, Amerika, Fransa və Rusiyanın maraqları toqquşduğu halda bu məsələdə mövqeləri üst-üstə düşüb”.
H.Rüstəmov qeyd edib ki, hər üç ölkəyə qarşı informasiya məkanında mübarizə aparmalıyıq:
“Həmsədrlərin bu addımından lazım olduğu qədər istifadə etməliyik. Xüsusilə də xalqımızı kifayət qədər məlumatlandırmalıyıq. Eyni zamanda dünya ictimaiyyətinin münasibətini formalaşdırmaq üçün beynəlxalq səviyyədə təbliğat aparmalıyıq. Əlbəttə, həm rəsmi, həm də ictimai səviyyədə bu ölkələrin davranışlarına ciddi etirazlar səsləndirilməlidir. Belə olan halda xalqımızın olub-bitənləri dəqiqliklə başa düşdüklərini görəcəklər”.