700-dən artıq abidənin pasportlaşdırılması prosesi davam etdirilir - Fariz Hüseynli

Şəhərsalma prosesləri çərçivəsində tarixi abidələrin qorunması və qeydiyyata alınması əsas prioritetlərdəndir.

Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” panel sessiyasında, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli bildirib:

"Son illər işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin qorunması və sənədləşdirilməsi istiqamətində genişmiqyaslı monitorinqlər aparılır. ümumilikdə 705 tarix-mədəniyyət abidəsi qeydiyyata götürülüb. Monitorinqlər nəticəsində 68 abidənin tamamilə məhv edildiyi, 114 abidənin isə ciddi dağıntılarla üzləşdiyi müəyyən olunub.

F.Hüseynli qeyd edib ki, ilkin hesablamalara əsasən, mədəni irsə ümumilikdə 700 milyon manatdan artıq ziyan dəyib:

"Hazırda 700-dən artıq abidənin pasportlaşdırılması prosesi davam etdirilir. Dövlət qeydiyyatına düşməyən təxminən 1400 abidə mövcuddur. Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən ekspertlər şurası indiyədək 761 abidə ilə bağlı rəy verib. 2025-ci ildə isə 51 abidənin rəsmi siyahıya daxil olunması təmin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən il imzalanan Sərəncama əsasən, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sərəncama uyğun olaraq, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək.