Yaxın Şərqdəki gərginlik fonunda Pakistan-Əfqanıstan toqquşması intensivləşir -ŞƏRH

"Yaxın Şərqdə artan gərginlik, o cümlədən İran ətrafında qeyri müəyyənlik fonunda Pakistanla Əfqanıstan arasında yenidən toqquşmalar qeydə alınıb". 

Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Pakistan hərbi qüvvələri bir neçə gün əvvəl Əfqanıstanın Kunar bölgəsini raket atəşinə tutublar:

"Ölən və yaralananlar var. Mülki infrastruktura ciddi ziyan dəyib. Davam edən toqquşmalar səbəbindən fevral ayının sonundan bəri Əfqanıstanın şərqində və cənub-şərqində 100 mindən çox insan didərgin düşüb. Pakistan tərəfi həmin bölgədə Təhriki-Taliban Pakistan yaraqlılarının qərargahının olduğunu bildirib. İslamabad Əfqanıstanda hakimiyyətdə olan Talibanı pakistanlı həmkarlarını himayə etməkdə ittiham edir. Taliban bu iddiaları qəbul etməyərək Əfqanıstanın suveren hüquqlarının pozulduğunu vurğulayır. İki ölkə arasında münasibətləri gərginləşdirəbn digər iki mövzu da var. Birincisi, bu Əfqanıstanın rəsmi olaraq tanımadığı Durand sərhəd xəttidir, ikincisi, illər öncə Pakistanda məskunlaşan milyonlarla əfqan qaçqının geri qaytarılmasıdı". 

Analitik qeyd edib ki, Taliban geri qayıdan əfqanları yerləşdirməkdə və qida ilə təmin etməkdə acizdir:

"Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu vəziyyətin kritik olduğunu açıqlayıb. Təşkilatın sözçüsü Babar Baloçun sözlərinə görə, Əfqanıstan əvvəllər də ciddi humanitar böhranlarla üzləşib, ancaq yeni regional qarışıqlıqlar geri qayıdan qaçqınlara və məcburi köçkünlərə təzyiqi artırıb. Qısa müddət ərzində İran və Pakistandan beş milyondan çox əfqan geri qayıdıb. İranı tərk edən əfqanlar vətənlərində daha bir münaqişə ilə üz-üzə qalıblar. Bu əfqanlar yardıma möhtacdırlar. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Pakistan-Əfqanıstan sərhədinin bağlanması və İrandakı vəziyyətin pisləşməsi humanitar təşkilatları əsas təchizat yollarından məhrum edib. Bundan başqa Əfqanıstandakı qadınlara tətbiq olunan məhdudiyyətlər, onların təhsildən, işdən və hərəkət azadlığından məhrum edilməsi bu ölkədə həyat şərtlərini daha da ağırlaşdırıb. BMT əfqan qaçqınlara yardım etmək istəsə də, maliyyə və yardımın çatdırılması imkanları məhduddur. Digər tərəfdən Taliban qüvvələri ilə Pakistan qoşunları arasında sərhəd toqquşmaları Əfqanıstanın şərqində humanitar vəziyyəti daha da pisləşdirib və mülki əhaliyə zərər vurub. Beləliklə, Əfqanıstan humanitar yardıma ehtiyac duyarkən, Talibanın insanlara tətbiq etdiyi məhdudiyyətlər və Pakistanla sərhəddə davamlı toqquşmalar bu ölkənin problemlərini artırıb. Halbuki, Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara malikdir, bunlar istismat edilərsə, milyardla dollar qazanc əldə etmək mümkündür".