Dünən Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirli vəfat edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə partlayış baş verib. Hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.
İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitə qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlayıb. Nəticədə həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə vəziyyəti ağır olub, əməliyyata alınıb.