Ekspertlərin təhlillərinə əsasən, 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisindən çoxunun şəhərlərdə yaşayacağı gözlənilir. Bu tendensiya urbanizasiya ilə bağlı yeni çağırışları və problemləri ön plana çıxarır. Sözügedən məsələlər 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF-13) çərçivəsində geniş şəkildə müzakirə ediləcək.
Bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” panel sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov bildirib:
“Forumda iştirak üçün 175 ölkədən 24 mindən çox şəxs qeydiyyatdan keçib. 800-dən artıq yerli və xarici media nümayəndəsi isə akreditasiyaya görə müraciət edib. Forum çərçivəsində media nümayəndələrinin fəaliyyəti üçün xüsusi WUF-13 Media Mərkəzi yaradılacaq. Jurnalistlər iş masaları, canlı yayım otaqları, bir sözlə, bütün texniki avadanlıqlarla təmin ediləcəklər. WUF-13 çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri, eləcə də dünyanın ən mühüm şəhərsalma sərgilərindən biri hesab olunan “Urban Expo” keçiriləcək. Sərgidə BMT qurumları, beynəlxalq şirkətlər, qeyri-hökumət təşkilatları və xarici media nümayəndələri iştirak edərək dayanıqlı şəhərsalma prinsiplərinə dair öz layihə və həllərini təqdim edəcəklər”.
E. Rəsulov qeyd edib ki, forum həm dünya ölkələri, həm də Azərbaycan üçün təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayacaq:
“Azərbaycan region ölkələri ilə öz təcrübəsini bölüşəcək, eyni zamanda digər dövlətlərin şəhərsalma yanaşmalarını mənimsəyərək milli siyasətin daha da təkmilləşdirilməsinə töhfə verəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən il imzalanan Sərəncama əsasən, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sərəncama uyğun olaraq, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək.