İlham Əliyev Paşinyanla Tbilisidə görüşə bilər
Ekspertlər hesab edir ki, dövlət başçılarının vasitəçisiz danışıqları sülh prosesində dönüş yaradacaq
Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri iki ölkənin liderlərinin görüşü barədə danışıqlar aparır. Bu barədə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır. Lakin konkret tarixlər müəyyənləşməyib. Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.
Mayın 23-də dövlət başçıları sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərmanlar imzalayıblar. Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Ölkə rəhbəri bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir. Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan və Ermənistan rəhbərlərinin üçüncü tərəf olmadan, vasitəçisiz görüşü müəyyən məsələlərin həllinə töhfə verə bilər.
Liderlərin görüş ehtimalını “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, bütün müharibələrdən sonra tərəflərin təmaslarını vasitəçilərin iştirakı ilə təşkil ediblər. Professor bildirib ki, Azərbaycan-Ermənistan danışıqlarında Rusiya, Türkiyə və Avropa İttifaqı vasitəçilik edir:
“Lakin düşünürəm ki, növbəti görüşlər vasitəçi olmadan da keçirilə bilər. Ermənistan görüş məkanı kimi Türkiyəyə razılıq vermir. Amma liderlər Tbilisidə görüşə bilərlər. Cənubi Qafqazda hər iki dövlətə normal münasibəti olan yeganə ölkə Gürcüstandır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan görüşlərə və danışıqlara hazırdır. 5 şərtimizi təklif etmişik və Paşinyan da qəbul edib. Ermənistanın baş nazirinə təzyiqlər çoxdur. Qərbin təzyiqləri azalsa da, Rusiya və İranın təzyiqləri davam etməkdədir. Nəzərə alaq ki, revanşist qüvvələr də İrəvanın siyasətinə mənfi təsir göstərirlər. Amma Paşinyan onu da anlayır ki, Ermənistanın problemlərinin həlli üçün Azərbaycanla danışıqlar, ikili təmaslar çox vacibdir. Vasitəçilərlə olan görüşdə tərəflər istər-istəməz məsələləri axıra qədər müzakirə edə bilmirlər. Ermənistan tərəfi kənar vasitəçilərin bu işə mane olacağından ehtiyat edir. Ona görə də ikili təmaslar çox vacibdir. Belə görüş sınaqdan çıxarılıb. Azərbaycan və Ermənistan XİN başçıları iki dəfə görüşüblər. Məkan çox önəmli olmasa da, görüş yeri kimi Moskva və İstanbul istisnadır. Tbilisi isə hər iki tərəfin görüş üçün razılaşdığı şəhərdir. Hər halda bu və ya digər formada danışıqlar davam etməlidir. Müharibədən xeyli vaxt keçib və Bakının səbri tükənməkdədir. Üçtərəfli bəyannamənin 1-ci, 4-cü və 9-cu bəndləri hələ də icra olunmayıb. Gün ərzində 9 təxribat baş verirsə, bunun 7-si Qarabağdakı erməni quldurları tərəfindən törədilir. Bu fakt Azərbaycanın səbr kasasını daşırmağa kifayət edir”.