"İlk fürsətdə insanlar Türkiyəyə gedirlər”

2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub. “Sherg.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 faiz azalaraq 974,5 min nəfər olub.  O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6  faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi  Rusiyaya, 7,8 faizi  Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 3,2 faizini isə dəniz nəqliyyatından istifadə edib. 

Ölkəmiz daim Türkiyə ilə siyasi, iqtisadi, sosial  və s. cəhətdən əlaqələr saxlayıb. 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin dəstəyini hərtərəfli hiss etdik. 

Həmişə iki ölkənin xalqı bir-birinə bağlı olub. Bu bağlılıq turizimdə də özünü büruzə verir. Ümumiyyətlə, son zamanlarda  vətəndaşlarımızın Türkiyəyə axını çox diqqətə çarpır. Bu da müxtəlif səbəblərdən qaynaqlanır.

Bəs Türkiyəyə gedənlərin sayı niyə çoxalıb? Hansı səbəblər var?

 İqtisadçı- alim Nazim Bəydəmirli bu vəziyyəti pandemiya ilə əlaqələndirib:

“2020-ci il pandemiyanın pik həddə olduğu zaman idi. Təbii ki, müxtəlif məhdudiyyətlər vardı. Ona görə də bu məsələyə pandemiya daha çox təsir göstərib. İlk fürsətdə insanlar Türkiyəyə gedirlər. Bu sərf edir. İnsanların turizm üçün, qohum-əqrəbalarını görməsi üçün gediş-gəlişinə, ticarət etmək məqsədiylə xarici bir ölkəni ziyarət etməsinə maneələr çox qoyuldu”.

Ekspert qardaş ölkəyə daha çox gənclərin getməsini qeyd edib:

“Gedənlərin içində gənclər daha çoxdur. Türkiyəyə son illər təhsil arxasınca gedirlər. Bilirsiniz ki, əksəriyyəti keçən il daha çox onlayn sistemə keçmişdi. Deməli, təhsil faktoru da təsir edən səbəblərdəndir”.

İqtisadçı ölkələrarası qardaşlıq əlaqələrinin də vətəndaşların seçimlərinə təsir etdiyini vurğulayıb:

“Nəzərinizə çatdırım ki, əvvəlki illərə baxsaq, Türkiyə bizim vətəndaşların çoxunun həmişə seçimi olub. Bir də bu aspektdən baxaq ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib. Şəxsiyyət vəsiqəsiylə gediş-gəlişin təmin edilməsilə bağlı qərar qüvvəyə minib. Bu da prosesi asanlaşdırır”.

Cəmilə ƏZİM