- "Əgər ABŞ cəmi 1 ay ərzində İsrailə verdiyi maliyyə və hərbi dəstəyi dayandırarsa, İran onların kitabını birdəfəlik bağlayacaq"
İran və ABŞ arasında son iki ildir hücumlar ucbatından dalana dirənən danışıqlar iyunun 15-də imzalanan memorandumla başa çatdı. Münaqişə regionda iki hissəyə parçalanmışdı. İran, ABŞ və İsrail üçbucağında alovlanan kəskin hücumlardan sonra müharibənin əsas ağırlığı Livan və İsrail cəbhəsinə düşdü.
Məhz buna görə saziş Yaxın Şərqdə davam edən bütün münaqişələrin dayandırılması üzərində formalaşıb. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. İran və ABŞ 1979-ci ildən bu günədək nüvə proqramına görə uzlaşa bilməyiblər. Hücumların təməl səbəbi də bununla bağlıdır. ABŞ prezidenti Donald Tramp bildirib ki, sazişə əsasən İran nüvə silahına sahib olmayacaq. O, zənginləşdirilmiş uran ehtiyatlarını İrandan çıxarmağı planladığını açıqlayıb. Nüvə proqramı uğrunda iki ölkə ilə qarşıdurma riskini qəbul edən İran rəhbərliyinin, Trampın sərt şərtlərini qəbul edib-etməyəcəyi sual altındadır.
- Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, İranın nüvə proqramına dair müzakirələr heç bir nəticə verməyəcək:
“Bu məsələni ən azı 5-10 il ərtələmək lazımdır. Çünki Tehran rəhbərliyi 400 kiloqramlıq zənginləşdirilmiş uran ehtiyatlarını başqa bir ölkəyə təslim edən deyil. Helə Barak Obamanın prezidentliyi dönəmində, İran uranın zənginləşdirilməsini 3,67%-lə məhdudlaşdırmağa razılaşdı. Əvəzində bəzi sanksiyalar yüngülləşdirildi. 2018-ci ildə Trampın sazişdən çıxması ilə İranın bütün baxışları dəyişdi. Artıq İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini əsas gətirərək, ABŞ-ni İsrailin hərbi ambisiyalarının üstünü örtməkdə ittiham etməyə başladılar”.
Politoloqun sözlərinə görə, İsrail razılaşmadan kənarda qalıb:
“Onlar yekəxana mövqelərindən əl çəkən deyil. Netanyahu İranın nüvə silahı əldə etməyinə imkan verməyəcəyini açıqlayır. Lakin İsrailin müstəqil ölkənin müdafiə hüquqlarını tapdalamağa haqqı yoxdur. İranı Livan, İraq və ya Suriya kimi asan hədəf deyil. Ərazi baxımından geniş olan İranın potensialı da həddən artıq zəngindir. Təsəvvür edin ki, onlar nüvə proqramı ilə bağlı bütün işləri öz mütəxəssislərinin biliyi, təcrübəsi və əməyi hesabına həyata keçiriblər. Alimlərin bəzilərinin öldürülməsinə baxmayaraq İsrail hazırkı şəraitdə İrandakı rejimi yıxa bilməz. Tehran rəhbərliyi, 2 il ard-arda intensivləşən hücumlara görə, ölkənin təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görməyə başlayıb”.
T.Abbasovun fikrincə, İran ərazisində at oynatmaq xülyasına qapılanların arzuları puça çıxıb:
“Əlini hər şeydən üzən İsrail hazırda, Livandakı Hizbullah qüvvələrini tərksilah etməklə İrana zərbə vurmağı planlayır. Hətta onlar ABŞ və İran arasındakı sazişi pozmaq üçün Livanın paytaxtı Beyrutu və Dahiyə şəhərini bombalamağa cəhd göstərəcəklər. İsrail sazişi tapdaladıqdan sonra Körfəz ölkələrini İrana qarşı müharibəyə sürükləməyə çalışa bilər. Doğrusu, onların hücumlara qatılacağına inanmıram. İsrail höküməti bütün dünyaya ABŞ-ni idarə etdiklərini göstərməyə çalışırlar. Netanyahu sözdə asıb-kəsəcəyini bildirsə də, praktiki müstəvidə yüksək səviyyədə bacarığa sahib olmadığını görürük”.
Analitik bildirib ki, ABŞ-nin sabiq konqresmeni Tomas Messinin səsləndirdiyi fikirlər İsrailin daxili iflasını tam çılpaqlığı ilə ortaya qoyur:
“Amerikalı siyasətçi açıq şəkildə bəyan edib ki, əgər ABŞ cəmi 1 ay ərzində İsrailə verdiyi maliyyə və hərbi dəstəyi dayandırarsa, İran onların kitabını birdəfəlik bağlayacaq. Doğurdan da onun dediklərində həqiqət var. ABŞ İsrailin əzələlələrini şişirtməklə heç nəyə nail olmur. Bu proseslərin sonu yaxşı qurtarmayacaq. Yeganə çıxış yolu ABŞ-nin İsrailin başından vurub yerinə oturtmaqdır”.