Meşəli hadisələrinin şahidləri yaşayırlar - Xaçaturyan cavab verəcək!

  Meşəli soyqırımının qurbanları beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Müraciətdə qeyd olunub ki, 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırlar. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb: "32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb. Heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb. Bizimlə sanki heç nə olmamış kimi davranıblar, bu boyda faciəni görməyiblər, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər. Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!". Məktubda bəyan edilib ki, Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb: "Biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük. Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda - Azərbaycan məhkəmələrində cavab versin. Biz bu ədalət anını onillərdir gözləmişik. Bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik. Müharibə cinayətkarı Vaqif Xaçaturyanı yüksək peşəkarlıqla aşkar edərək saxlayan sərhədçilərimizi, Azərbaycanın hüquq-mühafizə orqanlarında xidmət edən övladlarımızı bağrımıza basırıq, onları alqışlarıyıq, onlara “Eşq olsun!” deyirik". Həmçinin diqqətə çatdırılıb ki, 32 ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib: "Onlara bəraət qazandırmağa, onları azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir. 1991-ci ildə onlar düşünürdülər ki, törətdikləri əməllər cəzasız qalacaq, bizi yiyəsiz, sahibsiz görüblər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik! Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər! Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər. Onlardan soruşuruq: “Bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz?”. Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir. Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə vaxtında beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsəydi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və Azərbaycanın daha neçə-neçə yaşayış məntəqələrində təkrarlanmazdı. Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu. Təəssüf edirik ki, ermənilər Azərbaycanın göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiyasından da sui-istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də Xaçaturyan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır. İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nə isə axtarmağa dəyməz".
  Meşəli sakinləri xüsusi vurğulayıblar ki, Xaçaturyan kimi qaniçənlərin Qarabağda yaşayan dinc erməni əhali ilə heç bir əlaqəsi yoxdur: "Meşəli sakinləri Xocalıya - doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyir. Xaçaturyanlardan fərqli olaraq, bizim dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb. Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük. Amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı. Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!".
  Qeyd edək ki, Ermənistanın azərbaycanlılara qarşı kütləvi qətliamlarından biri də 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində törədilən cinayətdir. Bu dəhşətli cinayət nəticəsində 25 nəfər amansızlıqla qətlə yetirilib, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirib. 400-ə yaxın azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Meşəlidəki kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq idi. Məhz Meşəli faciəsinə dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha genişmiqyaslı soyqırım törətməsi üçün zəmin yaratdı. Azərbaycan dövləti xalqımıza qarşı son 30 ilə yaxın müddət ərzində qətliamlar, soyqırımlar törətmiş erməni cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı işlər aparır və onları beynəlxalq axtarışa verir.
  Millət vəkili Elman Məmmədov "Sherg.az"A deyib ki, azərbaycanlıların qanını tökmüş, onlara dəhşətli işgəncələr vermiş erməni terrorçu Vaqif Xaçaturyan Azərbaycan qanunları qarşısında cavab verəcək və öz cəzasını alacaq. Deputatın sözlərinə görə, onun törətdiyi cinayətlər haqqında dəlil-sübutlar kifayət qədərdir:
"Meşəli hadisələrinin şahidləri yaşayırlar, həyatdadırlar. Həmçinin erməni əsirliyindən, girovluğundan qayıtmış insanlarımızın ifadələri də var. Xaçaturyanın və onun kimilərin cinayəti təkcə Meşəli kəndində törədilən kütləvi qırğınla bitmir. Ermənilərin məskunlaşdığı kəndlərimizin demək olar ki, hamısında ayrı-ayrılıqda belə silahlı quldur dəstələri var idi. O quldur dəstələrinə Xaçaturyan kimi cinayətkarlar rəhbərlik edirdilər. Meşəli kəndində soyqırımı 1991-ci il, dekabr ayının 22-dən 23-nə keçən gecə törədilib. Lakin bundan sonrakı aylarda Xocalıya edilən hücumlarda, Xocalı soyqırımında da Xaçaturyanın əli var idi. Xocalı soyqırımı zamanı ermənilərin yaşadığı kəndlərin hamısından silahlı dəstələr hücuma gəlmişdilər. Azərbaycan heç vaxt adi səbəbdən kimisə həbs etmir”. Deputat vurğulayıb ki, Azərbaycanda üç yüzdən çox erməninin adı cinayətkar, axtarışda olanlar siyahısındadır.