"Telega" ("Telegram"ın alternativi) tətbiqi quraşdırılmış "iPhone" sahibləri proqram təminatının yenilənməsi zamanı ciddi nasazlıqla üzləşiblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Kod Durova" məlumat yayıb.
İstifadəçilər bildirirlər ki, smartfon gecə avtomatik yenilənməyə cəhd edib, proses yarımçıq qalıb və cihaz tamamilə bloklanıb. Bir neçə servis mərkəzi nəşrə bildirib ki, təmirə gətirilən bütün "iPhone"larda "Telega" tətbiqi quraşdırılıb.
Texnobloqer Sergey Romantsev bu nəzəriyyəni yoxlamaq üçün eksperiment aparıb. O, eyni vaxtda üç fərqli "iPhone"u ("Air", "17 Pro Max" və "16 Pro Max") ən son iOS 26.4.1 versiyasına yeniləyib. "Telega" yalnız "16 Pro Max"da quraşdırılmışdı. Nəticədə məhz bu cihaz işə düşməyib - digərləri problemsiz işləyib. Romantsev əlavə edib ki, hər üç cihaz heç vaxt təmir olunmayıb, yaddaşları kifayət qədər boş olub (900 GB) və yeniləmələr mütəmadi quraşdırılıb.
Bloqerin versiyasına görə, Apple "Telega"nı zərərli kod kimi qiymətləndirdiyi üçün bu tətbiq olan cihazları qəsdən bloklayır.