Sadəcə, tamamilə nüfuzdan düşməmək üçün seçkilərdə sonadək birgə görüntü verəcəklər
Türkiyədə mayın 14-də keçirilmiş prezident və parlament seçkisinin nəticələri, müxalifətin parlamentdə səs çoxluğuna nail ola bilməməsi "Millət İttifaqı" blokunda cəmlənmiş siyasi partiyaların arasında ciddi narazılıq yaradıb. İYİ Partiyanın sədri Meral Akşener seçkilərin nəticələrinə sərt reaksiya verib. Akşener seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra ətrafındakı rəsmilərə “Mən sizə belə olacağını demişdim” söyləyib, hətta onun pəncərə şüşəsinə zərbə endirdiyi iddia olunur. Qeyd edək ki, İYİ Partiya sədri Meral Akşener müxalifətin namizədinin Kamal Kılıçdaroğlu olmasına əvvəlcədən qarşı çıxmışdı. O, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun və ya Ankaranın bələdiyyə sədri Mənsur Yavaşın namizəd olmasını istəyirdi. Seçkinin ikinci turunadək “altılı masa”da gərginliyin daha da artacağı, hətta siyasi blokun parçalanacağı iddia olunur.
Seçkidən sonra "Millət İttifaqı"nda yaşananları "Şərq"ə dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, seçkidə bir "Cümhur İttifaqı", bir də onun qarşısında məcburən bir araya gəlmiş, hərəsi öz maraqlarını güdən, açıq formada altı, əslində isə yeddi partiyadan ibarət bir blok var idi. Partiya rəhbərinin sözlərinə görə, bloka ittifaq demək doğru deyil:
"Müxalifət blokunda təmsil olunan partiyaları maraqlar birləşdirirdi. "Altılı" masada İYİ Partiya sədri Meral Akşener əvvəlcədən CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmadığını açıqlamışdı. Hətta buna etiraz olaraq bir ara "altılı" masadan ayrıldığını bəyan etmişdi. Ancaq hamısının tabe olduqları, yaxud bağlı olduqları beynəlxalq güclər etiraz edənləri belə "altılı" masanı qorumağa məcbur etdilər. Siyasi partiyalar da öz maraqları üçün bir araya gəlməyə qərar verdilər. Blokda təmsil olunan "Gələcək", Demokrat, DEVA və Səadət partiyalarının heç birinin ayrı-ayrılıqda parlamentə düşmən, mandat sahibi olmaq gücü yox idi. Ancaq "ittifaq" sayəsində həmin 4 partiya 45-ə yaxın mandat qazanmış oldu. Elə bu faktın özü göstərir ki, onları maraqlar birləşdirirdi, hansısa dəyərlər, ideologiyalar yox. Blokda təmsil olunan kiçik müttəfiqlər öz istədiklərini alıblar. Ona görə də düşünmürəm ki, ikinci turda xüsusi canfəşanlıq edəcəklər, Kılıçdaroğluna dəstək verəcəklər".
T.Abbaslıya görə, ikinci turun nəticəsi bəlli olmadan belə "Millət İttifaqı"nın dağıldığını indidən söyləmək olar:
"Çünki hərə öz istəyinə nail olub və müttəfiqliyi davam etdirməyə lüzum qalmayıb. Onsuz da ideoloji baxımdan əks qütblərdə təmsil olunan partiyalardır. Biri millətçi, biri sağ, digəri soldur. Onların təbii şərtlərlə bir araya gəlməsi qeyri-mümkündür. O baxımdan "Millət İttifaqı" parlament seçkisinin nəticələri açıqlanan andan etibarən bitmiş hesab oluna bilər. Sadəcə, cəmiyyətdə öz simalarını qoruyub saxlaya bilmək, tamamilə nüfuzdan düşməmək üçün seçkilərdə sonadək birgə görüntü verəcəklər. Sonra hamısı ayrılıqda öz fəaliyyətini davam etdirəcək".