Min adda yeni hərbi məhsullar istehsal etmişik
"Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin "Aselsan" şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan bomba da hazırlanacaq"
Üzeyir Cəfərli: "50-dən artıq şirkət Azərbaycanla əməkdaşlıqda maraqlıdır"
Türkiyənin ən böyük silah şirkəti - “Sarsılmaz” Azərbaycanla ortaq işlər həyata keçirəcək. Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Sarsılmaz” şirkətinin satış müdiri Hakan Özadalı deyib ki, yaxın zamanda türk məhsulları ilə Azərbaycanda olacaqlar. O bildirib ki, “ADEX” sərgisində əsasən tapança və tüfəngləri ziyarətçilərə təqdim edirlər: “Bu məhsulları nümayiş etdirməkdən qürur duyuruq. Şirkət olaraq Türkiyə Silahlı Qüvvələrinin ən böyük təchizatçısı kimi burada təmsil olunuruq. Azərbaycanda olmaqdan çox məmnunuq”.
Şirkət rəsmisi qeyd edib ki, istehsal etdikləri məhsulları Rusiya, İsrail, Amerika silahları ilə demək olar eynidir: “Hətta deyərdim daha yaxşıdır. Keyfiyyəti, dayanıqlığı və qiymət baxımından üstünlüklərimiz var. Bazarda gücümüz çoxdur. Digər ölkələrə ixracımız da yetərincədir. “Sarsılmaz”ın 142 yaşı var. Yəni çox köklü firmayıq və dünya bazarında öz sözümüzü demişik”.
"Havelsan Azərbaycan"ın rəhbəri Erhan Abdullah Kanat isə bildirib ki, Azərbaycan Ordusu Türkiyə şirkətinin hərbi proqram təminatından istifadə edəcək. O bəyan edib ki, bu istiqamətdə artıq işlərə başlanılıb və qısa müddətdə tamamlanacağı gözlənilir: "Azərbaycanın fərqli komandanlıqları ilə də proqram təminatı barədə müzakirələr davam edir.
Xüsusən Azərbaycanın dənizdə müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər aparılır". Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərirlər. Lakin İkinci Qarabağ müharibəsindən sonra işlər artıb və il yarım əvvəl "Havelsan"ın Azərbaycan ofisi açılıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin "Aselsan" şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan bomba da hazırlanacaq. 250 kq qəlpəli-fuqaslı "Avia Bomba" daha dəqiq nişan almaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli "Şərq"ə bildirib ki, "ADEX" sərgisi yenə çoxsaylı eksponatları ilə diqqəti cəlb etdi və yaddaşlarda qaldı. Ekspert vurğulayıb ki, Azərbaycan bir çox şirkətlərlə müqavilələr imzalayıb və bundan sonra da yeni anlaşmalar olacaq:
"Sərgidə Azərbaycan Müdafiə Sənayesinin də yeni silahları nümayiş olundu. Yeni pulemyotlar, Türkiyə ilə birgə istehsal olunan aviasiya bombası və digər silahlar təqdim edildi. Prinsip etibarı ilə Azərbaycanın Türkiyə ilə hərbi sənaye sahəsindəki əməkdaşlığının dərin kökləri var. Hələ Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaranmazdan öncə bizim mütəxəssislərimiz Türkiyədə çalışırdılar. Ayrıca nazirlik yaradılandan sonra Müdafiə Nazirliyinin sənaye şöbəsi təkmilləşdirildi və böyüdüldü. Türkiyədə hərbi sənaye sahəsində illərlə çalışmış və təcrübə toplamış mütəxəssislərimiz də ölkəyə qayıtdılar. Əvvəlki sərgilərdə xarici nümayəndələr Azərbaycan mütəxəssislərinin işini görərək ölkəmizə xüsusi maraq göstərdilər. Ondan sonra müqavilələr bağlandı. "Aselsan", "Roketsan", "Havelsan" və digər şirkətlər Azərbaycanla sıx əməkdaşlıq edirlər. Hərbi avadanlıqların, silahların ayrı-ayrı komponentləri Azərbaycan şirkətlərində hazırlanır. Qazancımız odur ki, hərbi avadanlıqların, silahların təminatında nə vaxtsa problem yaşamayacağıq. Rusiyanın Ukraynada apardığı müharibədə ona görə böyük çətinlikləri var ki, ruslar öz müdafiə sənayesini daha çox xarici ölkələrdən asılı vəziyyətdə saxlamışdı. Bu gün həmin ölkələr Rusiyaya sanksiya tətbiq etdiyi üçün şimal qonşumuz ciddi problemlər yaşamaqdadır".
Ü.Cəfərov qeyd edib ki, 4-cü "ADEX" sərgisindən sonra yeni müqavilələr, ortaq çalışmalar olacaq:
"Qardaş Türkiyə və Pakistanla yanaşı, İsrail, Bolqarıstan və Rumıniya ilə də müqavilələrin sayı artırılacaq. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1000 adda yeni hərbi məhsullar istehsal edilib. Rabitə avadanlığı, hərbi hava və dəniz qüvvələrinin istifadə etdiyi məhsullar istehsal olunur. 50-dən artıq şirkət Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hətta Azərbaycan ABŞ-a hərbi təyinatlı məhsul ixrac edir. Sözsüz ki, müqavilə bağladığımız ölkələrin siyahısında qardaş Türkiyə öncül yeri tutur. Bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin əməkdaşlığı hərbi-sənaye sahəsində də ən üst səviyyəyə qaldırılacaq".