MSK YAP-ın namizədinə xəbərdarlıq etdi - SƏBƏB

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 5 namizədin YAP-ın deputatlığa namizədləri Zahid Oruc və Fatma Yıldırımla bağlı şikayətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK üzvü Tofiq Həsənov bildirib ki, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırımla bağlı şikayət təsdiqini tapıb:

“Bununla bağlı təqdim edilən video Mətbuat Qrupu ilə birgə araşdırılıb. Belə ki, Fatma Yıldırımın Bərdə rayonunun Soğanveridlər kəndində yol çəkdirdiyi məlum olub. O, həmin yolun açılışında iştirak edib və bu şikayət videoda öz əksini tapıb. Beləliklə, bu zaman təşviqatın pozulması halları qeydə alınıb və bu öz təsdiqini tapıb”.

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırıma xəbərdarlıq edilməsi qərara alınıb.

94 saylı Bərdə kənd seçki dairəsi üzrə şikayət edən namizəd Qulu Quliyev Zahid Orucun seçicilərlə görüşünə daha çox adamın gəldiyini bildirib. Zahid Orucla bağlı şikayət isə təsdiqini tapmadığı üçün təmin edilməyib.