- Prezidentin müsahibələri Ermənistanın informasiya təxribatlarını alt-üst etdi
44 günlük Vətən müharibəsində Azərbaycan yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya məkanında da ciddi mübarizə aparırdı. Ölkəmizə qarşı yayılan dezinformasiyalar, hadisələrin təhrif olunmuş formada təqdim edilməsi və beynəlxalq ictimaiyyətə təsir göstərmək cəhdləri bu mübarizənin əsas istiqamətlərindən idi. Həmin dövrdə Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyinin birbaşa beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayırdı.
Amerikalı hərbi ekspert Con Spenser də Bakıda “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı zamanı Prezidentin informasiya müharibəsindəki roluna xüsusi diqqət çəkib. O, Prezidentin informasiya müharibəsindəki rolunun qələbənin mühüm amillərindən biri olduğunu vurğulayıb.
Bəs 44 günlük müharibədə informasiya cəbhəsində hansı proseslər baş verirdi və Azərbaycanın kommunikasiya strategiyası beynəlxalq ictimai rəyə necə təsir göstərirdi?
Millət vəkili Azər Allahverənov Sherg.az-a Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı media və siyasi cəbhədə apardığı mübarizədən danışıb:
"44 günlük Vətən müharibəsində savaş həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya sahəsində gedirdi. İnformasiya sahəsində aparılan mübarizənin, şübhəsiz ki, önündə Prezident İlham Əliyev dayanırdı.
Maraqlıdır ki, Prezident həm Müzəffər Ali Baş Komandan olaraq döyüş meydanında aparılan hərbi əməliyyatlara birbaşa rəhbərlik edir, həm də diplomatiya müstəvisində olduqca çevik və dinamik fəaliyyət sərgiləyirdi. Çoxsaylı xarici qonaqlarla görüşlər keçirilməsi, onlara ilkin məlumatların verilməsi və digər məsələlər bu fəaliyyətin mühüm istiqamətlərindən idi.
Eyni zamanda nəzərə alsaq ki, müxtəlif platformalar üzərindən Azərbaycana qarşı hücumlar təşkil olunurdu, hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinə cəhd göstərilirdi. Məhz diplomatiya müstəvisində Prezidentin həyata keçirdiyi zərgər dəqiqliyi ilə düşünülmüş gedişlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı.
Ən önəmli məsələlərdən biri də bütün bunlarla yanaşı, Əliyevin informasiya müstəvisində həyata keçirdiyi fəaliyyət idi. Belə ki, 30-dan çox xarici informasiya agentliyinin nümayəndəsinə, demək olar ki, hər gün müsahibələr verən Prezident real cəbhədə baş verən proseslər, görülən işlər və müxtəlif hadisələr barədə heç bir təhrifə yol vermədən, tam səmimi şəkildə məlumatları birbaşa çatdırırdı. Bununla da ölkəmizə qarşı informasiya müstəvisində həyata keçirilən təxribatların qarşısını almış olurdu".
Parlamentari qeyd edib ki, Prezidentin səsləndirdiyi məlumatlar ilkin mənbədən, hadisələrin bilavasitə iştirakçısı olaraq əldə etdiyi faktlara əsaslanırdı:
"Bu baxımdan, döyüş meydanındakı mövcud vəziyyətə dair ən doğru, düzgün və dolğun məlumatlar məhz Prezidentin dilindən səsləndirilirdi. Dünyanın aparıcı informasiya agentliklərinin bu məlumatları ilkin mənbədən əldə etməsi və sonrakı mərhələdə beynəlxalq informasiya məkanında yayması da ölkəmizə qarşı mümkün təxribatların qarşısının alınmasında mühüm rol oynayırdı.
Bununla bağlı uzağa getmədən 44 günlük Vətən müharibəsi dövründə Fransa və Rusiya mediasında kifayət qədər geniş yayılan ermənipərəst mövqeyi xatırlatmaq olar. Bu mövqe erməni mənbələrindən əldə edilən saxta məlumatlarla daha da möhkəmləndirilirdi. Sanki dünyaya belə bir mesaj verilirdi ki, Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar həyata keçirir və Ermənistan dövlətçiliyi üçün ciddi təhlükə yaranıb. Bu yolla digər dövlətləri də hadisələrə müdaxilə etməyə və Ermənistana dəstək göstərməyə sövq edirdilər. Halbuki bu, həmin təxribat xarakterli informasiya fəaliyyətinin tərkib hissəsi idi.
Lakin Prezident İlham Əliyev müsahibələrində bu kimi cəhdlərin qarşısını almaqla yanaşı, işğaldan azad olunan ərazilərdə dərhal başlanan bərpa və quruculuq işləri barədə də ilkin mənbə olaraq dünya ictimaiyyətinə dolğun məlumat çatdırırdı".
Deputat xatırladıb ki, işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji, şəhərsalma və mədəni irsə qarşı cinayətlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılırdı:
"Söhbət flora və faunaya vurulan zərərdən- ekosiddən, şəhərlərin dağıdılmasından- urbisiddən, Azərbaycanın mədəni irsinin məhv edilməsindən- kultursiddən gedirdi. İşğaldan azad olunan ərazilərdə bu faktlar dərhal aşkarlanaraq dünya ictimaiyyətinə təqdim edilirdi. Hətta bəzi hallarda Prezidentin bilavasitə iştirakı ilə həmin ərazilərdən görüntülər və məlumatlar yayılırdı. Bu da işğalçıların törətdiyi ekosid, urbisid, kultursid və digər cinayətlərin miqyasını əyani şəkildə göstərmək imkanı yaradırdı.
Beləliklə, ilkin mənbə olaraq hadisələrin baş verdiyi yerlərdən, döyüş meydanındakı əməliyyatlardan birbaşa məlumatların Prezidentin dilindən səsləndirilməsi ona olan etimadın yüksəlməsinə səbəb olurdu. Sonrakı mərhələdə bir çox faktların təsdiqini tapması, xüsusilə də beynəlxalq informasiya agentliklərinin nümayəndələrinin hazırladıqları reportajlar bu etimadı daha da möhkəmləndirirdi. Nəticədə Prezident etibarlı informasiya mənbəyi kimi qəbul olunurdu.
Hətta bəzi informasiya agentliklərinin fəaliyyətində də bu vəziyyət özünü göstərirdi. Belə ki, erməni işğalçılarının nəzarətində olan ərazilərdə baş verən hadisələr barədə erməni mediasında tamamilə fərqli məlumatlar yayılırdı. Lakin Azərbaycanın təqdim etdiyi faktlar hadisələrin əsl mahiyyətini ortaya qoyurdu".
Müsahibimiz həqiqəti dünya ictimaiyyətinə çatdıran bəzi media nümayəndələrinin sonradan ciddi təzyiqlərlə üzləşdiklərini də qeyd edib:
"Hətta Fransa və digər ölkələrdə fəaliyyət göstərən, bu səbəbdən işdən çıxarılan jurnalistlər barədə məlumatlar da həmin dövrdə geniş yayılmışdı.
Maraqlı məqamlardan biri də erməni mediasında yayılan bəzi videolar idi. Həmin görüntülərdə erməni vətəndaşlarının Prezidentin hansısa rayonun işğaldan azad olunması ilə bağlı mətbuata açıqlamasını televiziya qarşısında oturaraq Azərbaycan dilində dinlədikləri görünürdü. Çünki onlar da bir mənbə kimi Azərbaycan Prezidentinin səsləndirdiyi faktların həqiqət olduğuna inanır, erməni mediasının isə öz əhalisini aldatdığını düşünürdülər.
Nəticə etibarilə, Ermənistanın müharibədə məğlubiyyətə uğraması və kapitulyasiya aktını imzalamağa məcbur qalmasının səbəblərindən biri də Ermənistanın hakim dairələrinin, o cümlədən informasiya qurumlarının həqiqətə uyğun olmayan, saxta məlumatlara əsaslanan siyasət yürütməsi idi. Sonradan Ermənistan cəmiyyətində də bu məsələ ilə bağlı müxtəlif müzakirələr və etiraflar səsləndirilməyə başlandı".