Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi

“Bu gecə Amerika xalqı açıq mesaj verdi: o, cəmiyyəti parçalamaq əvəzinə insanları birləşdirən siyasət və qarşılaşdıqları problemlərin həlli üçün konkret təkliflər irəli sürən liderlər istəyirlər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti, demokrat Barak Obama Respublikaçılar Partiyasının aralıq seçkilərində məğlubiyyətini şərh edərkən deyib.

“Bu nəticələr ölkənin bütün bölgələrində, o cümlədən əvvəllər qələbə şansı az hesab edilən regionlarda güclü namizədlərin irəli sürülməsi sayəsində mümkün oldu. Onlar müxtəlif təbəqələrdən gəlir və fərqli siyasi baxışları təmsil edirdilər. Amma onları ortaq dəyərlər, ictimai xidmətə inam və təmsil etdikləri dairələrin və ştatların sakinlərinin maraqlarını hər şeydən üstün tutmaq öhdəliyi birləşdirirdi.

Həmçinin seçkilərin rəvan keçirilməsinə kömək edən və demokratiyamızın ən mühüm funksiyalarından birini həyata keçirən hər iki partiyadan olan minlərlə seçki rəsmisinə və könüllüyə minnətdarlığımızı bildirməliyik.

Bu administrasiyanın (Donald Tramp) hakimiyyətdə daha iki ili qalsa da, indi bizim vəzifəmiz qollarımızı çırmalamaq, səlahiyyətlərimiz çərçivəsində lazımi dəyişiklikləri etmək, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və gələcək üçün zəmin hazırlamaqdır”, - Obama vurğulayıb.