Mülki insanlara qarşı planlaşdırılmış cinayətlər törədilib 

“Qarabağdakı kütləvi məzarlıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq” 


   Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. 14 məsələnin müzakirə olunduğu iclasda cari məsələlərlə bağlı da çıxışlar olub. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığının olmamasını qeyd edirlər. Amma ABŞ-da seçki dövründə Trampın sosial şəbəkə hesablarını bağladılar. 

S.Novruzov bildirib ki, Donald Trampın fikirlərini çatdırmasının qarşısını almaq üçün bunu ediblər: “Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir. Türmələrdə vəziyyətə irad bildirirlər. Quantanamo həbsxanasında olan işgəncələr heç yerdə edilməyib”.

"Sarkisyan, Koçaryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir"

Deputat, “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev deyib ki, son zamanlar azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində törədilən cinayətləri üzə çıxarır. Deputat bildirib ki, bu kütləvi məzarlıqların gələcəkdə də aşkarlanması faktları olacaq: “Biz bunların əlavə gücləndirici faktlar və dəlillər kimi beynəlxalq məhkəmələrdə istifadəsini nəzərdən keçirməliyik. Çünki burada mülki insanlara qarşı törədilmiş cinayətlərdən söhbət gedir, planlaşdırılmış cinayətlər olub. Xüsusilə bu gün biz Ukraynada mülki insanlara qarşı belə cinayətlərin törədildiyinin şahidiyik və dünya ictimaiyyəti tərəfindən buna olan reaksiyaları görürük. Buna görə biz də Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayətləri yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu minvalla əlləri azərbaycanlıların qanına batmış Sarkisyan, Koçaryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir”.

“Polisin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram”

Deputat Razi Nurullayev dünyanı İsveçdə Quranın yandırılmasını pisləməyə çağırıb: “Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan müqəddəs kitabımız olan "Qurani-Kərim"i İsveçin müsəlmanlar yaşayan məhəlləsində polisin iştirakı ilə yandırıb. Rasmus Paludan məhəlləyə polislərin əhatəsində gəlib. Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır. Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm. İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkə sayılır. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Lakin bu, söz azadlığı deyil, əksinə, yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram”.

“Beynəlxalq birlik minatəmizləmə sahəsində Azərbaycana dəstək vermir”

Millət vəkili Elman Nəsirov qeyd edib ki, bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edirlər: “Prezidentin müşavirədə qeyd etdiyi kimi, beynəlxalq birliyin Azərbaycan üçün vacib olan məsələlərdə bizə kömək etmək niyyəti yoxdur. Prezidentin müşavirədə dedikləri də bir çağırış idi. Minatəmizləmə fəaliyyətini işğaldan azad etdiyimiz ərazilərdə davam etdiririk, beynəlxalq birlik, beynəlxalq təşkilatlar Azərbaycana bu sahədə dəstək vermir”.

“Koçaryan və Sarkisyanın işğal zamanı Azərbaycan torpaqlarında narkotik plantasiyaları olub” 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Ermənistanın keçmiş hər iki prezidenti işğal zamanı Azərbaycan torpaqlarından narkotik dövriyyəsi kimi istifadə edib: “Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar. Erməni zabitlər də hərbi cinayətlərlə bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik dövriyyəsi ilə məşğul olublar. Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. 

Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”.