Narkomaniyaya qarşı mübarizədə bir olaq – Gənc alim yazır 

Dövrümüzün bəlası "ağ ölüm" insanları qara günlərə aparır. İşıqlı dünyadan qaranlığa gedən yolda irəliləyənləri görmək məyusedicidir. Statisikaya görə, dünya əhalisinin 250 milyonu narkomaniyanın qurbanıdır. Azərbaycanda da qaranlıq yoldan gedənlər az deyil. Ölkəmizdə narkotik maddə istifadəçilərinin 60 faizdən çoxu gənclərdir. Məxsusi olaraq 44 günlük Vətən savaşında tarix yazan Azərbaycan gəncliyinin genefondunu zəhərləməkdə maraqlı olan mərkəzlər də olmamış deyil. İnsanları bu yoldan döndərmək üçün respublikamızda kifayət qədər addımlar atılır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah satışından sonra dünyada ən çox gəlir gətirən sahədir. Əgər insanları fəlakətlərə sürükləyən bu bəlanın qarşını almazsa, böyük ictimai faciələrə şahidlik edə bilərik. 

Narkomaniyanın ölkəmizdə geniş yayılmasının səbəbi və durumdan çıxış yolları barədə  “Sherg.az”a AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Ayaz Məmmədov danışıb. Gənc alim bildirib ki, bəşəriyyət üçün ən ağrılı problemlərdən biri də silah, orqan, insan alveri kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyadır:

“Bu gün cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya yaşından irqindən və dinindən asılı olmayaraq hər bir insanı bu problem ətrafında düşünməyə sövq edir. Xüsusilə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik yüksələn xətlə artmağa doğru gedir. Hazırda narkomaniya bir yolxucu xəstəlik kimi öz ərazisini o qədər genişləndirib ki, bəşəriyyətin varlığı və inkişafını təhlükə altına alıb. Narkomaniyanın fəlakətləri insanın sağlamlığına, mənəviyyatına, onun fiziki və zehni inkişafına, düşüncəsinə etdiyi mənfi təsirlərlə bitmir. Narkotik maddələrdən sui-istifadə və onların qanunsuz dövriyyəsi siyasətə, qanunun aliliyinə və iqtisadiyyata böyük zərbə vurur”.

A.Məmmədov qeyd edib ki, cinayətkarlıq və narkomaniya arasında sıx bağlılığın olduğunun hər kəs bilir:

“Narkotik – mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək onun xarakterini dəyişir. Yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü azalır. Daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyası pozulur. Araşdırmalara görə,  narkomanlar arasında ən geniş yayılmış xəstəlik hepatit və QİÇS xəstəliyidir. Narkotik maddənin beyin və mərkəzi sinir sisteminə etdiyi təsirlərdən dəlilik, erkən ağlını itirmə, şüur itkisi, sayıqlama, yuxusuzluq, iflic, zəka və yaddaş pozğunluqlarını saymaq olar. Həzm sistemində ürəkbulanma, qusma, qarın ağrıları, qəbizlik, ishal, qastrit, xora, tənəffüs sistemində nəfəs darlığı, öskürək, boğulma hissi, tənəffüs iflicini və s. göstərmək olar. Bu maddələrin insana vurduğu zərbələr təkcə sağlamlığın itirilməsi ilə bitmir. Aqressivlik, cinayətkarlıq və ölüm halları narkotik maddələrin məlum nəticələrindəndi. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə, narkomanın davranışının kriminal səbəbi artır. Narkotiklərdən asılı vəziyyətə düşən narkoman narkotik vasitələr almaq üçün vəsait əldə etmək məqsədilə cəmiyyətin cinayətkar fiquruna çevrilir. Bir çox hallarda narkotik vasitələrin təsirindən iradə və şüurun zəifləməsi baş verir. Rəzil, alçaq instinktlər doğurur. Təcavüzkarlıq, sadizm yaranır ki, nəticədə adamöldürmə, sağlamlığa ağır zərər vurma və digər cinayət tərkibli əməllərə zəmin yaradır”.

Gənc alim Ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasəti uğurla davam etdirən İlham Əliyevin narkomaniyanın qarşısını almaq yolunda mühüm addımlar atdığını vurğulayıb:

“Hazırda demək olar ki, dünyanın bütün ölkələri narkomaniya problemi ilə qarşı-qarşıyadı. Həyata keçirilən tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Ümummilli lider Heydər Əliyevin bu sözlərini qeyd etmək yerinə düşər: “Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər”. Ulu öndər Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ölkəmizdə bu sosial bəlaya qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirməyə rəvac verib. Ümummilli lider Heydər Əliyevin mükəmməl siyasətini ölkə başçısı Cənab İlham Əliyev müasir dövrün tələblərinə uyğun yeni müstəvidə uğurla davam etdirir. İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” müvəffəqiyyətlə icra olunmaqdadır. Aparılan islahatlar bu dəhşətli problemin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib”.


Müsahibimizin fikrincə, bir çox hallarda siqaret çəkmək də narkomaniyaya yol açır:

“Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin və hər bir şəxsin birgə və fərdi fəaliyyətinə, əməli köməyinə böyük ehtiyac vardır. Gənc və yeniyetmələrin anti-narkomaniya ruhunda tərbiyə olunmasında ailənin, təhsil ocaqlarının, psixoloqların, həkimlərin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin və s. üzərinə böyük məsuliyyət düşür. Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti hər bir millətin gələcəyi olan gənc nəslin nümayəndələridir. Bunun gələcək fəsadlarının nə dərəcədə təhlükəli olacağını təsəvvür etməyin özü qorxuncdur. Çünki dövlətin, millətin gələcəyi sağlam və etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi cəmiyyətin hər bir üzvünün əsas vəzifəsi hesab olunur. Araşdırmalara görə, narkotik maddələrdən istifadə ən çox yeniyetməlik dövründə başlayır. Yeniyetmənin xüsusən asudə vaxtlarını birlikdə keçirdiyi yoldaşlarının onun həyatına müsbət və ya mənfi təsiri çox böyükdür. Sirr deyil ki, bir çox hallarda həmin yoldaşların təsiri ailə və məktəbin təsirini üstələyir. Hər bir valideyn övladının asudə vaxtlarını necə, harada və kimlərlə keçirdiyindən məlumatlı olmalı, həmin yoldaşlarının ailələrini də tanımalıdır. 12-16 yaşlı uşaq siqaret çəkirsə, valideyn narahat olmalı, bunu ilkin siqnal kimi qəbul etməli və qabaqlayıcı tədbirlər görməlidir. Çünki yeniyetmənin siqaret çəkməsi onun valideyn nəzarətindən az və ya çox dərəcədə çıxdığına işarədir. Aktiv siqaret çəkən yeniyetmə bir gün də narkotik vasitəni yoxlamaq arzusunda olması ehtimalı çoxdur. Bəla ilk dəfədən - “bir dəfə yoxlayım daha istifadə etməyəcəm”dən başlayır. İkinci və sonrakı dəfələrdə də oxşar ifadələr işlədilir. Sonra yeniyetmənin narkotik istifadə edən ətrafı ilə görüşlərinin sayı artır və sürətlənir. Bir vaxt ayılır ki, onun axtardığı ətrafı deyil, narkotikdir. Ona görə də ən mükəmməl qabaqlayıcı tədbir ondan heç vaxt istifadə etməməkdir”.

A.Məmmədov insanların narkotikə meyillənməsinə səbəb olan amilləri də açıqlayıb:

“Araşdırmalar nəticəsində “risk faktorları” və “qoruyucu faktorlar” müəyyən edilmişdir. Belə ki, psixi problemləri olan və ya asılılığı olan valideynlərin olduğu xaotik ailələr, düzgün olmayan tərbiyə üsulları, valideyn və uşaq arasında bağlılıq və sevgi əskikliyi, məktəbdə müvəffəqiyyətin azalması, sosial bacarıqların zəif olması, deviant davranış nümayiş etdirən insanların olduğu mühitdə olmaq, məktəbdə, iş yerində, ailə mühitində narkotik maddələrin istifadəsinə şəraitin yaradılması və s. amillər “risk faktorları”na daxildir və asılılığı olan insanlarda tez-tez müşahidə olunur. Güclü və pozitiv ailə əlaqələri, valideynlərin uşaqlarının dostlarından və onların etdiklərindən xəbərdar olması, ailədaxili qaydaların olması və hər kəsin buna əməl etməsi, valideynlərin uşaqların həyatı ilə maraqlanması, məktəbdə müvəffəqiyyətli olmaq, əlavə fəaliyyətlərlə məşğul olmaq, narkomaniya və narkotik maddələr haqqında düzgün maarifləndirmə və s. amillər isə asılılığın yaranmasını qabaqlayan qoruyucu faktorlar kimi qiymətləndirilir”.

Gənc alim narkotikdən qurtulmağın yolunu da göstərib:

“Narkotiklərdən asılı olan xəstələrin müalicəsi çətindir. Lakin praktika göstərir ki, vaxtında narkoloji mərkəzlərə müraciət etmək və erkən müalicəyə başlamaqla bu bəladan qurtulmaq mümkündür. Müalicədən sonra öz mühitini dəyişməklə yanaşı şəxsi iradə nümayiş etdirərək bu bəladan yaxa qurtaranlar az deyil. Narkotiklərdən azad olmaq arzusu böyük bir addımdır”.

Sonda gənc alim  fikirlərini Qurani-Kərimdən bir ayə ilə yekunlaşdırıb:

“Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.  (Qurani-Kərim, “Nisa” surəsi, ayə 110)”. 

Xanlar ƏLİBƏY