NATO Cənubi Qafqaza diqqəti artırıb

Ona görə də geopolitik kontekstdə Rusiya çox ciddi narahatlıq keçirir

  NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanda səfərdədir. Xavyer Kolomina səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini, həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina mayın 24-də Gürcüstana, mayın 25-də isə Azərbaycana səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də Kolominanın Azərbaycana gələcəyini təsdiqləyib.

 Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə də görüşüb. Onlar Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar. Siyasi şərhçilərə görə, məhz indiki məqamda NATO baş katibinin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfəri diqqət çəkir.

  Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər "Şərq"ə açıqlamasında bildirib ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın bölgəyə səfəri zaman baxımından xüsusi diqqət çəkir:

 "Kolominanın səfərinin bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin həlledici mərhələyə daxil olduğu bir vaxtda, digər tərəfdən Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammiti ərəfəsinə təsadüf etməsi Rusiyanı ciddi narahat edir. NATO-nun bu sammitində postsovet məkanı ilə, xüsusilə də Ukrayna ilə bağlı ciddi müzakirələrin olacağı gözlənilir. Ona görə də geopolitik kontekstdə Rusiya çox ciddi narahatlıq keçirir. NATO-nun, ABŞ-nin, Avropa Birliyinin keçmiş postsovet ölkələrinə diqqəti artırması Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması kimi xarakterizə olunur. Bu da təbii olaraq Moskvada təşvişə səbəb olur. Ona görə də Kreml prosesləri yaxından izləyir".