"Orta Asiya" yox, "Türküstan" yazılmalıdır - Tarixçilər dərsliklərdəki terminlərə etiraz etdi

Azərbaycan tarixində böyük təmizləmə çağırışı edildi, sovet və rus terminləri yenidən yazılmalıdır

Uzun illərdir Azərbaycan təhsil sistemində, xüsusilə humanitar elmlər sahəsində istifadə olunan terminologiya ciddi müzakirə mövzusudur.

Son dövrlərdə isə türk dünyasında ortaq terminologiyanın yaradılması, milli tarix konsepsiyasının yenilənməsi və terminlərin daha milli yanaşma əsasında formalaşdırılması ilə bağlı müzakirələr daha da aktuallaşıb. Xüsusilə Türkiyədə bu istiqamətdə atılan addımlar diqqət çəkir. Belə ki, Türkiyə Təhsil Naziri dərsliklərdə bəzi anlayışların adlarını dəyişdirib. Məsələn, bugündən sonra dərsliklərdə Orta Asiya yox, Türküstan yazılacaq.  

Tarixçi alim Zaur Əliyev Sherg.az-a bildirib ki, Azərbaycanda da tarix kitabları mütləq dəyişilməlidir:

"Azərbaycan tarix dərslikləri tamamilə yenilənməlidir və vahid tarix konsepsiyası əsasında yazılmalıdır. Hər dərslikdə fərqli yanaşmaların və müxtəlif terminlərin olması doğru deyil.

Məsələn, aydın bir misal çəkim: “monqol” sözü. Türk dünyasının böyük hissəsi bu ifadəni “moğol” kimi işlədir. Biz isə daha çox rus dilindən keçən “monqol” formasından istifadə edirik. "Bu nə dərəcədə doğrudur?" deyə sual yaranır.

Yaxud “iskif” məsələsi var. Rus tarixşünaslığında “iskif” kimi təqdim olunan bu tayfalar, əslində, bir çox mənbələrdə “iskit” kimi qeyd olunur. Dünyada da “iskit tayfaları” anlayışı daha geniş yayılıb. 

Eyni vəziyyət bəzi türk tayfalarının adlarında da özünü göstərir. Biz bir çox hallarda həmin tayfaların adlarını rus dilində formalaşmış variantlarla təqdim edirik. Halbuki onların türk dilinə uyğun və tarixi baxımdan daha doğru qarşılıqları mövcuddur. 

Tarixçi coğrafi terminlərlə bağlı problemlərdən də söz açıb: 

"Məsələn, “Orta Asiya” ifadəsi rus təsnifatından gələn anlayışdır. Halbuki biz “Mərkəzi Asiya” terminindən istifadə etməliyik.

Hesab edirəm ki, Türkiyə Milli Təhsil Nazirinin qərarı düzgün yanaşmadır. Ümumiyyətlə, Azərbaycanda istər ədəbiyyat, istər dilçilik, istər tarix, istərsə də digər humanitar və sosial elmlər sahəsində bir çox terminlər yenidən nəzərdən keçirilməlidir. Çünki biz terminologiya məsələsində hələ də rus elmi ənənəsinin təsiri altındayıq və bu çərçivədən tam çıxa bilmirik. Halbuki dünya artıq daha universal və ortaq termin standartlarına keçib". 

Mütəxəssis vurğulayıb ki, dərsliklərdə hələ də sovet və rus mənbələrindən qalan terminologiyanın istifadədi davam edir:

"Bu istiqamətdə dəyişikliklərin aparılması düzgün qərar olar və Azərbaycanda da belə addımların atılmasını çox istərdim".

Tarixçi alim Boran Əziz də Sherg.az-a Azərbaycan tarixi ilə bağlı təsvirlərin marksist-leninçi konsepsiyadan azad edilərək milli müstəqil dövlətin tələblərinə uyğun şəkildə yenilənməsinə ciddi ehtiyacın olduğunu qeyd edib: 

"Elmi həqiqətin obyektivlik prinsipi əsasında yenidən işlənməsi də vacib məsələlərdən biridir.

Təəssüf ki, müstəqilliyimizin üzərindən uzun illər keçməsinə baxmayaraq, sovet işğalı dövründən, hətta bəzi hallarda Çar Rusiyası dövründən qalma termin və yanaşmalar dərsliklərimizdə hələ də qorunub saxlanılır.

Əslində qədim, orta əsr və hətta XIX-XX əsrin əvvəllərinə aid mənbələrin əksəriyyətində “Orta Asiya” əvəzinə “Türküstan” ifadəsi işlədilib. Maraqlıdır ki, sovet dövründə rəsmi istifadədə “Orta Asiya” termini üstünlük təşkil etsə də, hərbi sistem daxilində “Türküstan Hərbi Dairəsi” ifadəsi bütün sovet dövrü boyunca saxlanılıb.

Bu baxımdan həmin coğrafiyanın yenidən “Türküstan” adlandırılmasını doğru hesab edirəm. Açıq şəkildə qeyd etməliyəm ki, biz Azərbaycan tarixi dərslərində də uzun illərdir “Türküstan” ifadəsindən istifadə edirik.

Hətta XX əsrin əvvəllərində Rusiya əsarətində yaşayan türklərin qurultaylarında da “Orta Asiya” deyil, məhz “Türküstan” termini işlədilib. Buna görə də bu cür ifadələrin dəyişdirilməsini düzgündür".

Tarixçi söyləyib ki, Azərbaycan tarixində yenidən nəzərdən keçirilməsinə ehtiyac olan belə terminlər kifayət qədərdir: 

"Bunlardan biri də sovet dövrünə aid “mədəni inqilab” terminidir. Bu anlayış əsasən XX əsrin 20-30-cu illərində bolşevik Rusiyasının Azərbaycanda və ümumilikdə SSRİ məkanında həyata keçirdiyi siyasəti ifadə etmək üçün istifadə olunurdu. Həmin yanaşmaya görə guya burada yaşayan xalqlar geridə qalmış, mədəniyyətsiz və idarəçilik qabiliyyətindən uzaq toplumlar idi.

Bolşevik hakimiyyətinin onlara “azadlıq” və “mədəniyyət” gətirdiyi iddia olunurdu. Guya qısa müddətdə bu xalqlar “mədəni inqilab” nəticəsində inkişaf etmiş millətlər səviyyəsinə yüksəliblər. Halbuki “mədəni inqilab” deyilən proses əslində mənəvi həyat üzərində bolşevik ideologiyasının tam inhisarının qurulması idi. Məlumdur ki, işğal rejimi yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi sahədə həyata keçirilirdi.

Bolşeviklər də məhz bu mənəvi müstəmləkəçilik siyasətini “mədəni inqilab” adı altında pərdələməyə çalışırdılar".

Tarixçi alimin sözlərinə görə belə dəyişdirilməsinə ehtiyac olan terminlərdən biri də “Böyük Vətən Müharibəsi” ifadəsidir:

"Bu anlayış Rusiya üçün “böyük vətən” kontekstində qəbul edilə bilər. Lakin Azərbaycan üçün böyük vətən Azərbaycanın özüdür. Buna görə də həmin dövrü ifadə edərkən “İkinci Dünya Müharibəsinin Almaniya-Sovet cəbhəsi” və ya “Şərq cəbhəsi” kimi terminlərin işlədilməsini daha doğru hesab edirik.

Bir sözlə, Azərbaycan tarixşünaslığında yenidən işlənməsinə ehtiyac duyulan çoxlu termin və anlayışlar mövcuddur. Onların daha doğru, obyektiv və milli baxışa uyğun formada ifadə olunmasına ciddi ehtiyac var".