Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb

  • Əkrəm Həsənov: “Ekspert rəylərinin obyektivliyi yeni Palatanın qarşısında duran əsas məsələlərdən biridir”
  • Yaqub İsgəndərov: “Palatanın formal mövcudluğu kifayət etməyəcək - əsas meyar ekspert rəylərinin obyektivliyidir”

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Palata özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında formalaşdırılacaq və özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərəcək. Palata özəl məhkəmə ekspertlərinin etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət edəcək.

Eyni zamanda, dövlət orqanlarında özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini qorumaq, məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək, digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə əməkdaşlıq etmək funksiyalarını icra edəcək.

Sherg.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması ekspertlərin peşəkar birlik çərçivəsində fəaliyyətinin təşkili baxımından əhəmiyyətlidir. Onun fikrincə, Auditorlar Palatası və Qiymətləndiricilər Palatası kimi strukturların mövcudluğu ilə müqayisədə bu sahədə də özünüidarəetmə mexanizminin formalaşdırılması peşə standartlarının müəyyənləşdirilməsinə və ekspert fəaliyyətinin əlaqələndirilməsinə xidmət edə bilər:

“İndiyədək məhkəmə ekspertizası əsasən Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilib, ayrı-ayrı hallarda isə özəl ekspertlərin xidmətlərindən istifadə olunub. Yeni Palatanın yaradılması özəl ekspertiza sektorunun təşkilati baxımdan sistemləşdirilməsinə və bu sahədə peşəkar tələblərin daha ardıcıl tətbiqinə imkan verə bilər. Məhkəmə ekspertizası xüsusi bilik və yüksək məsuliyyət tələb edən fəaliyyət sahəsidir. Ekspert rəyi hüquqi mübahisələrin həllinə təsir göstərə bildiyindən, onun hazırlanması zamanı müstəqilliyin, qərəzsizliyin və peşə etikası prinsiplərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Ekspertiza rəylərinin obyektivliyi ilə bağlı narahatlıqların aradan qaldırılması yeni qurumun qarşısında duran əsas məsələlərdən biri olmalıdır. Bunun üçün yalnız formal üzvlük mexanizminin yaradılması deyil, həm də ekspertlərin fəaliyyətinə səmərəli nəzarətin həyata keçirilməsi, etik pozuntulara adekvat reaksiya verilməsi və peşə məsuliyyətinin təmin edilməsi vacibdir”.

Hüquqşünas qeyd edib ki, Palatanın real nəticələri gələcək fəaliyyət prosesində aydınlaşacaq: “Qurumun ekspertiza sahəsində mövcud problemlərin həllinə nə dərəcədə töhfə verəcəyi, qərarlarının ardıcıllığı və peşəkar mühitdə etimad yaradıb-yaratmayacağı zamanla qiymətləndirilə biləcək”.

“Price Expert” şirkətinin direktoru, məhkəmə eksperti Yaqub İsgəndərov da oxşar fikirdədir. Ekspert Sherg.az-a açıqlamasında bildirib ki, Palatanın yaradılması mühüm addımdır:

“Məhkəmə ekspertizası sahəsində institusional dəyişikliklərin əhəmiyyəti qiymətləndirilərkən ekspert rəylərinin hazırlanma metodologiyası, istifadə olunan məlumatların etibarlılığı və nəticələrin əsaslandırılması kimi məsələlər də diqqətdə saxlanılmalıdır. Xüsusilə əmlakın dəyərinin müəyyənləşdirilməsi, maliyyə göstəricilərinin təhlili və iqtisadi xarakterli mübahisələrin araşdırılması zamanı ekspert rəyinin keyfiyyəti tərəflərin hüquqlarının və qanuni maraqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu kontekstdə Palatanın yaradılması peşəkar biliklərin inkişafı, ekspertlərin metodoloji hazırlığının təkmilləşdirilməsi və vahid etik tələblərin tətbiqi üçün əlavə imkanlar yarada bilər. Bununla yanaşı, peşəkar özünüidarəetmənin effektivliyi yalnız təşkilati strukturun mövcudluğu ilə ölçülməməlidir. Ekspertlərin müstəqilliyinin qorunması, maraqlar toqquşmasının qarşısının alınması, qərarların əsaslandırılması və intizam mexanizmlərinin şəffaflığı da mühüm meyarlardır”.

Ekspert qeyd edib ki, ekspertiza fəaliyyətinə ictimai və hüquqi etimadın formalaşması üçün rəylərin hansı metodlarla hazırlandığının, nəticələrin hansı faktlara söykəndiyinin və tətbiq olunan yanaşmaların nə dərəcədə əsaslandırıldığının aydın olması vacibdir:

“Bu tələblər xüsusilə qiymətləndirmə və maliyyə təhlili kimi sahələrdə ekspert rəyinin yoxlanıla bilməsinə və nəticələrin müqayisəli şəkildə qiymətləndirilməsinə şərait yaradır. Palatanın fəaliyyətində bu prinsiplərin ardıcıl tətbiqi özəl ekspertiza sektorunun peşəkar inkişafına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ekspert rəylərinə inamın möhkəmlənməsinə töhfə verə bilər. Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması məhkəmə ekspertizası sahəsində özünüidarəetmənin inkişafı və özəl ekspertlərin fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli təşəbbüsdür”.

Y. İsgəndərov əlavə edib ki, islahatın nəticələri yeni qurumun səlahiyyətlərini necə həyata keçirəcəyindən, peşə etikası normalarına nəzarətin effektivliyindən və ekspertlərin müstəqilliyi ilə hesabatlılığı arasında tarazlığın necə qorunacağından asılı olacaq:

“Əsas meyar Palatanın formal mövcudluğu deyil, ekspertiza fəaliyyətinin keyfiyyətinə, şəffaflığına və obyektivliyinə praktik töhfəsi olmalıdır”.