Professordan inamlı açıqlama:“Tezliklə Zəngəzur dəhlizi açılacaq”

Xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxış edib. XİN başçısı Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm məqamlara toxunub: “Üçtərəfli Bəyanata uyğun olaraq, silahlı qarşıdurmanın sona çatması ilə Azərbaycan münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoydu. Münaqişədən sonrakı dövrdə sülh, bərpa və yenidənqurma fəaliyyətlərinin davam etdirilməsi və məcburi köçkünlərin qayıtması Azərbaycan üçün mütləq prioritetdir. Münaqişənin həlli eyni zamanda regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır.


10 Noyabr 2020-ci il birgə bəyanatı, bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Bu tədbirlərin həyata keçirilməsi QDİƏT regionunun mühüm hissəsinin - Cənubi Qafqazın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir. Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvan eksklavını Azərbaycan ilə birləşdirməklə yanaşı, əlavə olaraq mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcəkdir. Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaqdır”.


Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev tezliklə Zəngəzur dəhlizinin açılacağını söyləyib:

“Cənab Prezident iyunun 26-da Gülüstan sarayında hərbçilərlə görüşəndə nazirin vurğuladığı məsələlərə toxunmuşdu. Ölkə başçısı həm işğaldan azad olan torpaqlara mülki vətəndaşların qayıdışı, həm də Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlamar verib. Zəngəzur dəhlizi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatda öz əskini tapıb. 11 yanvar bəyanatı bilavasitə Zəngəzur dəhlizinə həsr edilmişdi.

Ermənistanda keçirilən seçkilərdən sonra Zəngəzur dəhlizi ilə bağlı daha çox Rusiyanın agenti kimi tanınan Robert Koçaryan bunun əleyinə çıxış etdi. Təbii ki, bu da Rusiyanın müəyyən dairələrindən irəli sürülən fikirlərdir.

Xoş olan odur ki, İran artıq Zəngəzur dəhlizinin açılışında maraqlıdır. Həsən Ruhani nə qədər əngəl törətməyə çalışırdısa, artıq İbrahim Rəisi Zəngəzur dəhlizinin bilavasitə İranın da gələcəyinə müsbət təsir edəcəyini yaxşı anlayır”.

C.Nuriyev qeyd edib ki, Rusiya tərəfi nə qədər Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışsa da, buna nail olmayacaq:

“Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyəyə yox, Ermənistana lazımdır. Çünki Ermənistan bir dövlət kimi özünü blokadaya salıb. Sevindirici hal budur ki, nəhayət, Azərbaycanın XİN başçısı həqiqətən danışmağa başlayıb.

Uzun illər ərzində bunun həsrətində idik. Keçmiş xarici işlər naziri ümumiyyətlə, bu məsələlərə toxunmurdu.

Amma Ceyhun Bayramov dövlətin maraqlarında olan məsələlərlə bağlı çıxışlar edir. Belə çıxışların davamlı olacağına inanıram”.