Qarabağ və Şərqi Zəngəzur İran üçün iqtisadi fürsətlər pəncərəsidir

Aqşin Kərimov: "Ona görə də Tehran həmin regionlardakı investisiya layihələrində aktivliyini artırır ki, perspektivdə daha çox fayda götürsün"

"Azərbaycanla İranın siyasi mövzulardakı baxış bucağındakı fərqlər qalacaq. Həmin məsələlərdə düyünlərin sayının azaldılmasını təklif etmək iki ölkənin də xarici siyasətinin gündəmindədir"


  “Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri, həmkarı Hüseyn Əmir-Abdullahianla və Prezident Seyid İbrahim Rəisi ilə görüşü iki ölkə arasında hərbi-siyasi, dini-ideoloji mövqelərdəki haçalanmaların yenidən vüsət aldığı dövrə təsadüf edir”. Bu barədə “Şərq”ə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspertin sözlərinə görə, İran-Azərbaycan münasibətlərində mütəmadi meydana çıxan arzuolunmaz halların nə zamansa gündəmdən çıxacağını söyləmək çətindir: “Xarici işlər naziri Ceyhun Bayramovun səfəri daha çox iqtisadi prioritetlərlə əlaqədar idi.

Lakin güman etmək çətin deyil ki, onun Abdullahian və Rəisi ilə görüşündə qarşı tərəf İran ali dini liderinin Azərbaycana nümayəndə təyin etmək məsələsini gündəmə gətirib. Azərbaycan üçün bu, elə də önəm kəsb etmir. Çünki ali rəhbərin Azərbaycandakı keçmiş nümayəndəsi Ocaqnejadın fəaliyyəti tarixin və Azərbaycan xalqının yaddaşından silinməyib. Ancaq siyasi gündəlikdəki fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla İranın iqtisadi-ticari, nəqliyyat, energetika sahələrində, beynəlxalq yükdaşımalar platformasındakı maraqları pozitiv məqamlar üzərində inkişaf edir. Məhz buna keyfiyyətcə yeni məzmun yükləmək üçün danışıqlar aparılır. Azərbaycanla İran hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini, istismarını, energetika və su ehtiyatlarından istifadəni postmünaqişə dövrünün prioritetlərindən hesab edir. Detalların dəqiqləşdirilməsi üçün iki ölkə arasında intensiv dialoqa ehtiyac duyulur. Elə buna görə də, Ceyhun Bayramovun səfərinin ardınca, iyulun 5-də İranın Energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana gəlib”.

  A.Kərimov vurğulayıb ki, Azərbaycanla İran postmüharibə dövrünün yaradacağı iqtisadi reallıqları beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya etməyi hədəfləyirlər:

 “Bu mənada “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi xüsusi əhəmiyyət daşıyır. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmir yolunun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Həmin dəhlizin yaradılmasında (2000-ci ildə) məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Bu beynəlxalq dəhliz Azərbaycan və İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi layihələrini də stimullaşdırır. Bunun üçün 2019-cu ildə Qəzvin-Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib. Lakin İran Rəşt-Astara (167 km) sahəsində dəmir yolu tikməlidir. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq. C.Bayramovun dediyindən belə anlaşılır ki, Azərbaycan İran ərazisində yarımçıq qalan tikintini reallaşdırmaq üçün vəsait xərcləməyə hazırdır. İran da bu jestə hansısa müsbət cavab verməlidir. Hüseyn Əmir-Abdullahianın bəyanatından aydın olur ki, bu marşrutun inşasında İran tərəfi daha çox xərc çəkməyi öhdəsinə götürüb”. 

  Analitik vurğulayıb ki, gələcəkdə Azərbaycanla İranın Qarabağdakı və Şərqi Zəngəzurdakı birgə ticari maraqları həmin beynəlxalq dəhlizin elementinə çevriləcək: “Qarabağ və Şərqi Zəngəzur bölgələri sanksiyalar altında olan İran üçün iqtisadi fürsətlər pəncərəsidir. Ona görə də Tehran həmin regionlardakı investisiya layihələrində aktivliyini artırır ki, perspektivdə daha çox fayda götürsün. Azərbaycan İranın bu fəallığından məmnundur. Ceyhun Bayramov da iranlı həmkarı ilə görüşündə məmnunluğunu dilə gətirib. Rəsmi Tehran yeni regional platformaya (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) özünəməxsus şəkildə forma və məzmun vermək istəyir. Abdullahianın altı ölkənin iştirakı ilə İranda iclas keçirilməsini təklif etməsi bunun bariz əlamətidir. Hərçənd, Tehranın təşəbbüsləri ona ambisiyalı üstünlük qazandırmaq imkanlarından məhrumdur”.

Müsahibimiz vurğulayıb ki, XİN rəhbəri Ceyhun Bayramovun Tehran qrafikini Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfər proqramlarının razılaşdırılması kimi də xarakterizə etmək olar: 

“Azərbaycanla İranın siyasi mövzulardakı baxış bucağındakı fərqlər qalacaq. Həmin məsələlərdə düyünlərin sayının azaldılmasını təklif etmək iki ölkənin də xarici siyasətinin gündəmindədir. Ancaq tərəflər prosesin tənzimlənmə mexanizminin ortaq nöqtələrdən çox, fərdi strateji məntiq əsasında inkişaf etdirmək niyyətində olduğundan bu müstəvidə iki ölkənin ulduzu barışmayacaq. İqtisadi-ticari mövzular bu xətdən tamamilə ayrı tutularaq yeni mərhələyə qədəm qoyacaq. Azərbaycanla Türkiyə İranın regional iqtisadi əməkdaşlıqda aktivliyinin artmasına çalışacaq və buna görə üçtərəfli formatda birgə layihələrin icrasına başlanıla bilər”.