Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid AYB sədrliyinə iddiası ilə bağlı suala maraqlı cavab verib. APA-ya müsahibəsində R.Məcid deyib ki, bu sualı ona 10 il əvvəl də veriblər:
"Anar müəllimdən (AYB sədri, Xalq yazıçısı Anar) də soruşublar. Bəzilərinin belə arzusu olub, bəziləri mənə nifrət edir, heç istəməzlər ki, sədr olum. Yazıçılar Birliyinin sədri olmaq istəyən çox yazıçımız var. Ona görə həmişə məndən bu barədə soruşanda demişəm ki, Anar müəllim istəsə, sədr olaram. Çünki mən Yazıçılar Birliyinə Anar müəllimin istəyinə görə gəlmişəm. Bütün fəaliyyətimdə də istəmişəm ki, Anar müəllimin işini yüngülləşdirim, ona dəstək olum. İndinin özündə də Anar müəllimi böyük şəxsiyyət, böyük yazıçı, böyük ziyalı hesab edirəm. Anara hədsiz sevgim, hörmətim var.
O, Azərbaycanın sərvətlərindən biridir. Mən onunla işlədiyim bu 16 ili, ona dəstək olduğum bu illəri həyatımın şərəfli hissəsi sayıram və Anar müəllimə can sağlığı arzulayıram. Onun qədrini bilməyən, uzaqdan tanıyan cavanlar, vaxt gələcək, buna görə məyus olacaq, xəcalət çəkəcəklər. Anar Azərbaycan xalqının nadir ziyalılarından biridir".