Rusiya Tovuz sərhəddi yaxınlığında hərbi baza qurur

Cavabımız aydındır, Azərbaycanda həmin rayonda Türkiyə hərbi məntəqəsini yaratmalıdır
  Ermənistanın Aygepar kəndində Rusiyanın hərbi bazasının yaradılacağı deyilir. Bir müddətdir sözügedən kənddə rusların da iştirakı ilə tikinti işləri aparılır. Aygepar kəndi Azərbaycanın Tovuz rayonundakı Əlibəyli kəndinin 1 kilometrliyində yerləşir. Sovet vaxtı burada Yak-40 təyyarələri üçün enmə-qalxma zolağı olub. Erməni mediası yazır ki, Ermənistanın Tavuş vilayəti Berd rayonunun Aygepar kəndində bir aydan çoxdur ki, qızğın tikinti işləri gedir. Hətta hökumət saytları da yazır ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının dislokasiya ünvanlarının dəyişməsinə dair protokola uyğun olaraq Rusiya tərəfinə yeni torpaq sahələri və daşınmaz əmlak verilir.
Ermənistanın Müdafiə naziri Suren Papikyan deyib ki, bu barədə hökumət qərarı var. Onun sözlərinə görə, sənəd işlənməli və Milli Məclisdə ratifikasiya olunmalıdır. Kənd sakinləri bildiriblər ki, burada Rusiya bazasının olması əlavə təhlükəsizlik qarantiyaları yaradardı. Xatırladaq ki, sərhədin bu sektorunda Azərbaycan-Ermənistan toqquşmaları 2020-ci ilin iyulunda baş vermişdi. 
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Tovuzla sərhəddə rus hərbi bazasının yaradılması Rusiya və Ermənistanın ortaq qərarıdır. Partiya funksionerinin fikrincə, hərbi baza üçün Tovuz yaxınlığının seçilməsi təsadüfi deyil:
 “Ermənistanda gözəl anlayırlar ki, Azərbaycanla növbəti müharibə əvvəlki kimi Qarabağ ərazisi ilə kifayətlənməyəcək. Növbəti müharibə meydanı Zəngəzur və indiki Ermənistan əraziləri olacaq. Ona görə də ermənilər rusların hərbi dəstəyi sayəsində sərhəddə özlərini qarantiyaya almaq barədə düşünürlər.
İkinci Qarabağ müharibəsi məhz Tovuz hadisələri ilə başladı. Təbii ki, Azərbaycanla sərhəddə rus hərbi bazasının yaradılması, yaxud uzaqda yerləşən bazanın sərhədə çəkilməsi Kremlin də maraqlarına cavab verir. Moskva bununla İrəvanı özündən daha asılı vəziyyətə salır.
 Bizim cavabımız necə olmalıdır? Əgər Azərbaycanla sərhəddə, Tovuz istiqamətində hansısa rus bazası yaradılarsa, elə həmin rayonda Türkiyənin hərbi məntəqəsini qurmalıyıq. Rusiyanın Cənubi Qafqazdakı hərbi eskalasiyasına Türkiyənin bölgədə daha güclü yerləşməsi, dərindən kök salması ilə cavab vermək lazımdır. 
Bu, bizim milli maraqlarımıza və təhlükəsizliyimizə cavab verir”.