Rusiyada yaşayan azərbaycanlılar qərarlarında sərbəstdirlər


Onlar vətəndaşlıqlarını aldıqları dövlətin qanunlarına tabe olmalıdırlar

Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuzda yaşayan soydaşlarımız arasında Azərbaycana üz tutanların sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri həmin şəxslərin Rusiya vətəndaşı olmasıdır. Çünki bu, Rusiya dövlətinə onları da müharibəyə cəlb etmək hüququ verir. 
Hazırda Kremldə müəyyən yaş kateqoriyasına aid kişilərin ölkədən çıxışına qadağaların qoyulması ilə bağlı müzakirələr davam edir. 

Bəs, Azərbaycan dövləti həmin şəxslərlə bağlı hər hansı tədbir görə bilərmi?

Bu barədə “Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, bu, fərdi qaydada həllini tapan məsələdir.

“Ukraynada yaşayan azərbaycanlıların vətəndaşlığı var və orada qulluq edirlər, həmin ölkənin dövlətçiliyinin keşiyində dururlar. Rusiyada da belə həmyerlilərimiz var. Bu baxımdan onlar Rusiyanın maraqlarını qoruyub onun uğrunda mübarizə aparmağa borcludurlar. Ancaq bu məsələnin Azərbaycanla Rusiya və Ukrayna arasında gərginlik yaradacağına inanmıram. Çünki bu insanların hansı ölkənin vətəndaşı olmaları şəxsi səviyyədə həllini tapıb. 

Azərbaycan dövlətinin bu məsələlərə ancaq "bunlar bizim soydaşlarımızdır və biz bu problemləri həll etməyə çalışmalıyıq" şəklində münasibəti ola bilər.  Amma onların əvəzinə hər hansı bir qərarı vermək dövlətin borcu deyil. Çünki həmin şəxslər Rusiya vətəndaşlığını qəbul ediblər. Onlar buna özləri qərar veriblər və bu gün yaranmış problemlər fərdi səviyyədə həll edilməlidir”. 

Rusiyanın yürütdüyü hərbi əməliyyatlara burada məskunlaşmış azərbaycanlıların münasibəti  haqda danışan politoloqun sözlərinə görə, müharibə zamanı insanların yanaşmaları müxtəlif olur:

“Bəziləri könüllü şəkildə müharibəyə gedirlər. Digərləri isə düşünür ki, onların tarixi vətəni Azərbaycandır. Bu, bütün millətlərin nümayəndələri üçün eynidir. Bu barədə kütlə haqqında danışmaq düzgün deyil. Fərdi şəkildə yanaşmaq lazımdır”.
Sənan İsmayıl