Rusiyanın "köntöy sancıları": Bakının strateji xətti Kremlin bəhanələrinin üzərindən xətt çəkdi

“Rusiyanın xarici siyasəti son onillər çox primitivləşib – qorxutmaq, şantaj etmək, Ukraynaya isə birbaşa hərbi təcavüz etmək, Gürcüstanın və Moldovanın ərazilərini işğal edib nəzarətdə saxlamaq imperialist düşüncənin həddən artıq bəsit, köntöy sancılarıdır”.

Bu fkirlər iqtisadçı, ictimai xadim Natiq Cəfərliyə məxsusdur.

N.Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, Rusiyanın hələ də dəyişməyən davranışları fonunda Azərbaycan məntiqli siyasət yürüdür və qalib gəlir: 

- Son əsrlərdə Rusiya, “ətrafda sepatizim, münaqişə yarat, dəstəklə, sonra bu münaqişə vasitəsi ilə təzyiq qur və öz orbitində saxla”, prinsipini xarici siyasətinin təməl daşına çevirmişdi. Qonşularını “Qərbpərəstlikdə”, Avropa Birliyinə və NATO-ya üzvlük istəklərində ittiham etmək isə bu siyasətin “duzu-bibəri” olmuşdu. Açığı, Azərbaycan bu paraqdiqmanı dağıdana qədər bu primitiv siyasətləri işlək idi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib həm özünü, həm də Ermənistanı Rusiyanın əsas təzyiq alətindən qurtardı. Kremlin sancıları elə o vaxtdan başladı, çünki, onillərlə qurduğu bəsit, amma, effektiv siyasətini iflasa uğratdı. Azərbaycanın Rusiyanın oyunlarını pozan, sümükləşmiş primitiv “arqumentlərini” dağıdan davranışı həm də o oldu ki, rəsmi Bakı nə AB, nə də NATO-ya üzvlük haqqında danışmır, belə bir niyyəti yoxdur, əvəzində qardaş Türkiyə ilə “daşdan keçən” Şuşa Bəyannaməsi imzalayaraq regionda ilk dəfə yeni təhlükəsizlik “çətiri” qurmağa nail oldu. 

N.Cəfərli bildirdi ki, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib Ermənsitanı da Kremlin buxovlarından azad olunması üçün şans yaradan, Kremlə, “AB və NATO” bəhanəsi verməyən, regional təhlükəsizlik və hərbi ittifaq yaradan Azərbaycan məhz bu addımlara görə Moskvanın qarnını, sonra da başını ağrıtmağa başladı: 

- Kreml düşündü ki, vacib rıçaqlar əlindən çıxıbsa, Azərbaycanı artıq “anti-Rusiya” çevirmək lazımdır, sonra bunu bəhanə etmək olar. Bu da primitiv yanaşmadır: Azərbaycan “pro-Rusiya” olmadı – olmayacaq da, amma, “anti-Rusiya” da olmur, buna ehtiyac da yoxdur. Rəsmi Bakı, keçmiş post-sovet ölkələri üçün heç vaxt, (ən azı yaxın 10-15 ildə qapısı açılmayacaq) AB və NATO-nun da darvazasını döymür, döyməyəcək də, bu gün düşünülmüş, doğru istiqamətdə atılan addımların alqoritmini davam etdirmək rəsmi Bakının strateji xəttidir. Bu xətt Kremlin bəhanələrinin üzərindən də xətt çəkir. 

N.Cəfərlinin fikrincə, Moskva həm də ona görə qıcıq olur ki, Azərbaycan xarici siyasətdə digər post-sovet ölkələrinə rol-model olur, uğur hekayəsi Xəzərin o tayına yayılır, amma bu Kremlin öz günahıdır. Rusiya illərdir primitiv, bəsit, iyrənc basqı siyasətini, imperiya sancılarını kənara qoymadıqca, ətrafında həmişə Moskva ilə məsafəni açan ölkələr görəcək.